İran lideri Ayatəlullah Əli Xameneyinin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsi Məhəmməd Əli Ali-Haşim Təbrizdə bir sıra məhəllələrdə qadınların məcburi hicaba əməl etməməsindən şikayətlənib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, İran liderinin Təbrizdəki nümayəndəsi və bu şəhərin cümə imamı Təbrizin Vəliəsr və Ərk məhəllələrində məcburi hicaba riayət edilməməsi səbəbindən qız və qadınların geyinmə tərzindən şikayətlənib.
“Bəzi qadınlar və qızlar elə davranırlar ki, bir qadına uyğun rəftarından uzaqdır və təəssüf doğurur." Ali-Haşim deyib.
Bundan əvvəl iyunun 13-də Fars xəbər agentliyi Təbrizin Vəliəsr məhəlləsindəki hicabsız qadınlara və qızlara qarşı "ciddi tədbir" üçün imza petisiyası səhifəsi yayımlayıb.
“Təbrizin Vəliəsr küçəsində hicabsızlıq probleminin həlli üçün ciddi tədbir” adlı bu imza toplama səhifəsində indiyədək sadəcə cəmi yüzdən çox imza toplanıb.
İran İslam Respublikasında 1979 inqilabından sonra hicab məcburi geyim forması hesab olunur. Qadınlar ictimai yerlərdə başlarını örtməlidirlər. Bu qaydalara əməl etməyənlər cəzalandırılır.
İranda məcburi hicab qanunlarına qarşı etirazlar və tənqidlər olsa da, İran rejimi həmişə bu qanunun icrasında israr edib. Ölkədə qadın haqları fəalları məcburi hicaba etiraz etdiyi halda təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınır və həbs cəzası və cərimələrlə üzləşirlər.
Ölkədə məcburi hicaba qarşı etirazların pik həddi 2022-ci ilin sentyabr ayında əxlaq polisinin nəzarətində olan Məhsa Əmininin ölümündən sonra baş verib. Bu etiraz aksiyalarında bir çox etirazçı qadınlar baş örtüklərini çıxarıb, bəziləri isə onları simvolik olaraq yandıraraq ölkədə məcburi hicaba etiraz ediblər. Aylarla davam edən ümummilli etirazlara baxmayaraq, İran rejimi İffət və Hicab planını təklif etməklə məcburi hicab qaydalarına nəzarətini daha da sərtləşdirib.
Forum