Ərdəbildə fiziki məhdudiyyəti olan şəxslər etiraz mitinqi keçirib

Ərdəbildə əlillərin etiraz mitinqi

İranın Ərdəbil və Mazandaran vilayətlərində yaşayan bir qrup fiziki qabiliyyəti məhdud vətəndaş oktyabrın 29-da "əlillərin hüquqlarının müdafiəsi haqqında qanunun" icra olunmamasına etiraz olaraq Rifah İdarəsi qarşısında aksiya keçirib.

Sosial mediada paylaşılan məlumata görə, etirazçılar "əlillərin hüquqlarının müdafiəsi haqqında qanunun" büdcə bəndinin çıxarılmasından da narazılıqlarını bildirib və bu məsələ ilə bağlı səlahiyyətli qurumlardan ciddi nəzarət tələb edib.

2018-ci ilin aprelində İran parlamentində qəbul edilən bu qanunun 27-ci maddəsinə əsasən, hökumət ciddi əlilliyi olan və ya işi və gəliri olmayan əlil şəxslərə minimum illik əməkhaqqı məbləğində sosial müavinəti verməyə görə məsuliyyət daşıyır.

Əlillər hüquqlarının müdafiəsi və qanunların səmərəli icrası istiqamətində səlahiyyətli qurumlardan ciddi addımların atılmasını istəyirlər. Bu etiraz aksiyası onarın səsini duyurmaq və maarifləndirmək məqsədi ilə təşkil edilib.

Əlillər haqqında qəbul olunan qanundan büdcə bəndinin çıxarılması onların həyat şəraiti və məişətinin çətinləşməsinə gətirib çıxarıb.

SEE ALSO: Ərdəbildə əlilliyi olan şəxslər etiraz aksiyası keçirib

Ərdəbildə etiraz mitinqində işritak edən bir qadın üzərində "Əlillər haqqında qanunun icra olunmaması ölkədə insan ləyaqətinin təhqiri və insan hüquqlarının açıq şəkildə pozulması kimi qiymətləndirilir" yazılı bir plakat daşıyıb.

Ərdəbildə daha öncə də əlilliyi olan şəxslər şəhərin Rifah İdarəsi qarşısında digər şəhərlər, o cümlədən Tehran və Kirminşah şəhərləri ilə eyni vaxtda etiraz mitinqləri təşkil etmişdi.

İranda müəllimlər, işçilər və təqaüdçülər kimi müxtəlif qruplara aid vətəndaşlar bir çox iqtisadi və dolanışıq problemlərinə görə davamlı olaraq etiraz aksiyaları keçirir.