İyulun 16-da Ərdəbildə əlilliyi olan bir qrup vətəndaş şəhərin Rifah İdarəsi qarşısında etiraz aksiyası keçirib.
Etiraz aksiyası "əlillərin kampaniyası" çağırışından sonra paytaxt Tehranda və İranın Kirmanşah, Kirma şəhərlərində də keçirilib.
Aksiya zamanı etirazçılar "əlillərin hüquqlarının müdafiəsi haqqında qanun", xüsusilə də bu qanunun 27-ci maddəsinin icrasını tələb ediblər.
2018-ci ilin aprelində İran parlamentində qəbul edilən bu qanunun 27-ci maddəsinə əsasən, hökumət ağır əlilliyi olan və ya işi və gəliri olmayan əlil şəxslərə minimum illik əməkhaqqı məbləğində sosial müavinəti verməyə görə məsuliyyət daşıyır.
Təsdiqindən 5 il keçməsinə baxmayaraq, Həsən Ruhani və İbrahim Rəisi hökumətləri dövründə bu qanun həyata keçirilməyib və əlillərə ödənilən müavinətlər artırılmayıb.
Qanuna əsasən, dövlət orqanları hər vilayətdə inzibati vəzifələrin 30 faizini əlillərə uyğun işlərə ayırmalıdır, lakin bu, bir çox hallarda həyata keçirilmir.
Son illər ölkədəki ağır iqtisadi vəziyyət, təqaüdçülər, müəllimlər və fəhlələri əhatə edən sosial təbəqələrin dolanışığında problemlərin yaranmasına ölkədə etiraz aksiyalarının keçirilməsinə səbəb olub.