Accessibility links

Urmiyə sement zavodunun işçiləri ayrı-seçkiliyə etiraz edir


Urmiyənin cənubunda yerləşən sement zavodunun işçiləri maaş və müavinətlər xüsusunda məruz qaldıqları ayrı-seçkiliyə etiraz edirlər.

Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyinə istinadən, işçilər bu günlərdə aksiya keçirərək etiraz səslərini eşitdirməyə çalışıblar.

"Biz Urmiyənin sement işçiləri illərdir ki, zavod məsullarından ayrı-seçkiliyə son qoyulması, eləcə də iş şəraiti və müavinətlərin yaxşılaşdırılmasını tələb edirik. Ancaq, hələ ki şəraitdə hər hansı bir dəyişiklik baş verməyib. Bu səbəblə, biz keçən şənbə günü də neçə saatlıq bir aksiya keçirdik. Məsullardan uyğun bir cavab almağı ümid edirik", işçilərin nümayəndələri agentliyə bildirib.

İşçilər Urmiyənin sement zavodunda maaşların sement istehsal edən digər zavodlara görə daha aşağı olduğunu ifadə ediblər.

Rəsmi dövlət agentliyi İRNA isə bazar günü yaydığı xəbərdə Əmək və Sosial Rifah İdarəsindən rəsmilərin işçilər ilə müzakirə apardığını və zavodun hazırda aktiv olduğunu bildirib.

Qərbi Azərbaycan vilayətinin əmək və sosial rifah baş idarəsinin rəisi Əli Dehqani İRNA-ya deyib ki, "sement zavodu işçilərinin etiraz aksiyası keçirdiyinə dair xəbərləri aldıqdan sonra mövzunu dəyərləndirmək üçün etirazçı işçilərin nümayəndələri və əlaqədar məsulların iştirakı ilə toplantı təşkil olundu."

Dehqaninin dediklərinə görə, zavod məsulları hər hansı bir ayrı-seçkiliyin olduğunu rədd edirlər.

İRNA-nın xəbərində işçilər ilə müzakirələrin davam edəcəyi bildirilib, ancaq maaş və iş şəraitində yaxşılaşmanın olub-olmayacağına dair məlumat verilməyib.

Forum

XS
SM
MD
LG