Oktyabrın 23-də Tehranda 3+3 formatında Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.
İRNA agentliyinin məlumatına görə, “Cənubi Qafqazda sülh, əməkdaşlıq və tərəqqi zamanı” mövzusunda keçirilən görüş Qafqaz regionunda baş verən hadisələrə, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına həsr olunub.
“Bu formatın formalaşdırılmasında əsas məqsəd regiondaxili problemlərin həlli və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün region ölkələrinin səylərini birləşdirməkdir”, məlumatda qeyd edilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, xarici işlər naziri Ceyhun Bayramov görüşdəki çıxışında bildirib ki, 3+3 formatı regional problemlərin region ölkələri tərəfindən həll yollarını nəzərdən keçirmək məqsədilə yaradılıb.
Nazir platformanın mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlamaq, regionda təhlükəsizliyi və sabitliyi gücləndirmək, iqtisadi artım və tərəqqi naminə istifadə edilməmiş potensialı üzə çıxarmaq üçün əhəmiyyətli potensiala malik olduğunu bildirib.
“Region ölkələrinin qarşılıqlı fəaliyyət və əməkdaşlığının təməl daşı suverenliyə, ərazi bütövlüyünə və bir-birilərinin sərhədlərinin toxunulmazlığına hörmət, daxili işlərə qarışmamaqdır”.
Nazir çıxışında Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin, Rusiya, Azərbaycan və İranın iştirakı ilə Şimal-Cənub dəhlizinin və Azərbaycan-İran-Türkiyə üçtərəfli formatının yalnız bir dövlətin xeyrinə deyil, hər kəsin ortaq mənfəəti olduğunu əyani şəkildə nümayiş etdirdiyini, bu layihələrin və formatların müsbət təsirinin region ölkələri ilə məhdudlaşmadığını və daha geniş coğrafiyada tərəfdaşləğı əhatə etdiyini diqqətə çatdırıb.
Nazir Bayramov Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçməklə nəqliyyat əlaqələrinin yaradılması istiqamətində son inkişafların xüsusi əhəmiyyət kəsb etdiyini, infrastruktur layihələrinin tezliklə yekunlaşdırılması və bu marşrutun istismara verilməsinin regionda bu iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığa xidmət edəcəyini, həmçinin Avrasiyada nəqliyyat və tranzit potensialının artırılması üçün yeni bağlantı arteriyasını yaradacağını vurğulayıb.
"Azərbaycan ərazilərinin işğalına son qoyulması və suverenliyimizin tam bərpasının Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün yeni perspektiv açır. Azərbaycanla Ermənistan arasında münasibətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında normallaşması təkcə bu ölkələrin xeyrinə olmayacaq, həm də əməkdaşlıq və tərəqqi üçün istifadə edilməmiş potensialdan faydalanmağa imkan yaradacaq”, o qeyd edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub, indi tərəflər münasibətlərin tam şəkildə normallaşması üçün növbəti əməli addımlar atmalıdır.
Nazir vurğulayıb ki, heç bir maneə olmadan sülh müqaviləsi bağlanmalı, sərhədlər delimitasiya olunmalı və nəqliyyat əlaqələri qurulmalıdır.
Lavrov deyib ki, Moskva Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasına faktiki kömək etməyə hazırdır: “Bütün ekspertlər yaxşı bilirlər ki, delimitasiya ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər şey, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiyadadır. Tərəfdaşlar bunu başa düşürlər. Biz çalışmırıq ki, bundan böyük problem yaradaq", o qeyd edib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Cənubi Qafqazda münaqişənin sona çatmasının region ölkələrinə sülh və əməkdaşlığın təşviqi üçün çalışmaq üçün “tarixi fürsət” verdiyini deyib.
“Biz inanırıq ki, bu gün bütün ölkələrimiz üçün tarixi fürsətdir. Cənubi Qafqazda müharibə başa çatıb və Qafqazda sülh, əməkdaşlıq və inkişafın vaxtı çatıb”, İRNA agentliyi Əmir Abdullahiyana istinadən bildirib.
Nazir hesab edir ki, 3+3 formatında regional görüşün mərkəzi vəzifələrindən biri region ölkələrinin birbaşa iştirakı ilə, regiondankənar oyunçuların müdaxiləsi olmadan regional problemləri həll etməkdir.
Ermənistan Xarici İşlər Nazirliyi hələ nazir Ararat Mirzoyanın çıxışı ilə bağlı məumat yaymayıb. Nazirlik yalnız nazir Ararat Mirzoyanın 3+3 formatında görüşdə iştirskı, İran prezidenti və Türkiyə xarici işlər naziri ilə görüşü barədə məlumatlar yayıb.
Oktyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3” formatında birinci nazirlər görüşündə iştirakı çərçivəsində İran Prezidenti Seyid İbrahim Rəisi ilə də görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan və İran arasında gündəlikdə duran əsas məsələlər, ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlıq imkanları, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin perspektivləri, habelə bölgədəki cari vəziyyət barədə fikir mübadiləsi aparılıb.
İRNA agentliynin məlumatında isə deyilir ki, görüşdə Prezident Rəisi rəsmi Tehranın regional problemlərin xarici qüvvələrin müdaxiləsi ilə həll edilə bilməyəcəyi ilə bağlı prinsipial mövqeyini vurğulayıb və regional problemlərin region ölkələri arasında daha sıx qarşılıqlı fəaliyyət və əməkdaşlıq yolu ilə həllinin vacibliyini bəyan edib.
İran Prezidenti Azərbaycanın İsrail-HƏMAS qarşıdurması ilə bağlı mövqeyinə də toxunub.
“Mən bir qədər əvvəl İlham Əliyevə demişdim ki, sionist rejim sizə və heç bir müsəlman ölkəsinə dost olmayacaq. Bu gün Qəzza zolağında yaranmış vəziyyət bütün region ölkələri üçün bir işarədir ki, Amerika və Qərb region ölkələrinə rəğbət bəsləmir, regionda yalnız öz irqçi maraqlarını güdürlər”, IRNA agentliyi Iran Prezidentinin dediklərinə istinad edib.
İran prezidentinin sözlərinə görə, İran regional problemlərin həlli üçün həmişə qonşu ölkələrlə danışıqlar aparır. Raisi həmçinin ümidvar olduğunu bildirib ki, görüşdə “3+3” formatında müzakirələr konstruktiv əməkdaşlığın və regional qarşılıqlı fəaliyyətin gücləndirilməsi mənbəyinə çevriləcək.
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, “3+3” formatında xarici işlər nazirlərinin növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə keçiriləcək.
Xatırladaq ki, “3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.