Oktyabrın 17-də Bakının Xətai rayon Məhkəməsi hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Orxan Baxışı 20 sutka inzibati həbsə məhkum edib. Orxan Baxış İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə günahlı bilinib.
Bu barədə Məhkəmə Hüquq Şurasının elektron məhkəmə saytında məlumat yayılıb.
Fəalın həbsi Facebook səhifəsində hökumət rəhbərlərinin tənqidi yer alan statusundan bir gün sonraya təsadüf edir.
AXCP-nin məlumatına görə, AXCP Gənclər Komitəsinin məclis üzvü Orxan Baxış oktyabrın 16-da Bakının Xətai rayonu ərazisində mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
“Gənc və mübariz cəbhəçi Orxan Baxışı da şərləyib, 20 sutka müddətinə inzibati qaydada həbs etdilər. Keçmiş siyasi məhbus Orxan bəy son bir neçə gündə həbs edilmiş 5-ci AXCP fəalıdır. Rejimin xalqla mübarizəsi dayanmır. Çox təəssüf ki, hakimiyyət ölkəmizlə işğal edilmiş ərazi kimi davranır. Orxan bəyə və bütün siyasi məhbuslara azadlıq!” AXCP sədri Əli Kərimli Facebook səhifəsində qeyd edib.
Daxili İşlər Nazirliyi fəalın saxlanılması ilə bağlı hələ münasibət bildirməyib.
Orxan Baxış bundan öncə, bu il fevralın 2-də Xətai rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-ci madddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahkar bilinərək 30 sutka inzibati həbsə məhkum edilib.
O daha əvvəl, 2018-ci ilin mayında Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə 6 il azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə satış məqsədini ittihamdan xaric edib, maddəni 234.1-ə tövsif edərək cəzanı 3 ilə endirib. O, 2021-ci ilin martında prezident sərəncamı ilə əfv edilib.