Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının fəalı Hüseyn Məlik inzibati qaydada həbs olunub.
ADR Partiyasının məlumatında deyilir ki, Hüseyn Məlik oktyabrın 10-da günorta saatlarında saxlanılıb.
"Hüseyn Məliki 41-ci polis bölməsinə aparıblar. Buna səbəb güya onun Tofiq Yaqublunun postuna yazdığı şərh olub. Daha sonra onu İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə 30 sutka müddətinə həbs ediblər. Qərarı Səbail Rayon Məhkəməsi çıxarıb", məlumatda bildirilir.
ADR Partiyası bildirir ki, Hüseyn Məlikin səhhətində ciddi problemlər var.
"O, ağır ürək əməliyyatı keçirib, şəkərli diabetdən əziyyət çəkir", məlumatda deyilir.
Partiya fəalın həbsini "siyasi sifariş" kimi qiymətləndirib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Son bir ayda ADR Partiyasının azı 3 fəalı inzibati qaydada həbs edilib. Fəalların həbsi tənqidi çıxışları və ya sosial şəbəkələrdə tənqidi statuslarından sonraya təsadüf edir.
ADP Partiyasının sədri Qubad İbadoğlu isə iyulun 24-də həbs edilib.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.
Qubad İbadoğlu ittihamı qəbul etmir və həbsini siyasi sifariş hesab edir.