Həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyev oktyabrın 2-dən həbs-qətimkan tədbirinin qanunsuz uzadılmasına etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayıb.
Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.
Sadıqovun sözlərinə görə, Hacıyev özünü yaxşı hiss etmir.
"Artıq 5 gündür aclıq edən Bəxtiyar dedi ki, bu günlər ərzində həkim ona cəmi iki dəfə baş çəkib. Hacıyev məhkəmədə bildirdi ki, həbsinin uzadılması ilə bağlı baş prokurorun qərarı ləğv edilənədək aclığı davam etdirəcək", o qedy edib.
Oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə vəkillərin birinci instansiya məhkəməsinin Bəxtiyar Hacıyevin həbsinin uzadılması barədə qərarının qanunvericiliyə zidd olması ilə bağlı şikayətini təmin etməyib.
Vəkil bildirib ki, fəal onu 1 saylı Bakı İstintaq Təcridxanasından zorla məhkəməyə gətirdiklərini deyib.
"Çeçələ barmağında və qollarında qançırlar var. Bəxtiyarın sözlərinə görə, bu izlər onu zorla məhkəməməyə gətirilərkən əmələ gəlib. O, qabaqcadan məhkəmədə iştirak etməyəcəyi ilə bağlı ərizə yazıb. Buna baxmayaraq, zorla məhkəməyə gətiriblər", vəkil Hacıyevə istinadən deyib.
Oktyabrın 2-də Bakının Xətai rayon Məhkəməsi növbəti dəfə istintaq orqanının təqdimatı əsasında Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 3 ay uzadıb.
"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, müdafiəçilərin apellyasiya şikayəti əsaslıdır.
"Siyasi məhbus Bəxtiyar Hacıyevin sonuncu məhkəməsinə qədər də mövqeyim belə idi ki, bu, ibtidai istintaqın son müddətdir, çünki "Cinayət Prosessual Məcəllə"nin tələbləri imkan vermir. Daha konkret şəkildə izah edim. Bilirik ki, Bəxtiyar Hacıyev əvvəl az ağır, sonra isə ağır cinayətdə ittiham edilib. "Cinayət Prosessual Məcəllə"nin 218.10.3-cü maddəsinə əsasən ağır cinayətin törədilməsində ittiham üzrə ibtidai istintaq hər bir halda 13 aydan çox olmayan müddətdə qurtarmalıdır. Bu müddət 28 oktyabr 2023-cü ildə bitir. Bəxtiyar Hacıyevin işi üzrə Baş prokuror istintaq müddətinin 16 ayadək uzadılması, yəni 28 yanvar 2024-cü ilədək uzadılması barədə təqdimat təqdim edib, Xətai Rayon Məhkəməsi də bunu təmin edib. Heç şübhəsiz ki, bu, absurddur. Bundan başqa, cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti 13 aydır. Bilirik ki, Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixdə həbs edilib. Göründüyü kimi cinayət-prosessual qanunvericiliyi tam istisna etdiyi halda Hacıyev ən azı növbəti ilin yanvarınadək həbsdə qalacaq. Beləliklə, həm ibtidai istintaqın, həm də həbsin son müddətini müqayisə edib, bu nəticəyə gəlirik ki, Bəxtiyar Hacıyev təqsirləndirilən şəxsdən daha çox siyasi girovdur. Apellyasiya instansiyasının şikayəti təmin etməməsi siyasi iradəyə bağlıdır", hüquq müdafiəçisi qeyd edib.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.
Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.
Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.
Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, yeni ittihamlar da Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.
"Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir", vəkil bildirib.
ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.