AİHM Azərbaycanla bağlı 6 yeni qərarını açıqlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi oktyabrın 5-i Azərbaycanla bağlı 12 ərizə üzrə 6 yeni qərarını elan edib. Azərbaycan hökuməti qərarlara əsasən ərizəçilərə ümumilikdə 23 min avrodan artıq təzminat ödəyəcək.

Avropa Məhkəməsi Nida vətəndaş hərəkatının keçmiş üzvləri Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov və Zaur Qurbanlının qanunsuz silah saxlama və kütləvi iğtişaşlar törətməkdə ittiham edilərək cinayət məsuliyyətinə cəlb olunmalarından bəhs edən “Rəşad Həsənov və başqaları Azərbaycana qarşı” işini baxılacaq işlər siyahısından çıxarmağa qərar verib. Keçmiş fəallar barələrindəki milli icraatların onların Konvensiyanın 6-cı, 10-cu və 11-ci maddələri ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və toplaşmaq azadlığı hüquqlarını pozduğunu iddia edirdi.

AİHM-in Azərbaycanla bağlı qərarlarının monitorinqini aparan Aihmaz.org saytının məlumatına görə, bu işin kommunikasiyası zamanı hökumət AİHM-ə ərizəçilərin məruz qaldıqları pozuntuların aradan qaldırıldığını bildirib. Belə ki, ərizəçilərə qarşı cinayət işinə Azərbaycan Ali Məhkəməsinin Plenumu tərəfindən bəraətverici əsaslarla xitam verilib və ərizəçilərdən ikisinə 66 min 700, digər 2 ərizəçiyə isə 28 min 300 manat zərər əvəzi ödənilib. AİHM bunları nəzərə alaraq, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Qərara görə, ərizəçinin vəkillərinə ümumilikdə 4 min avro hüquqi məsrəf əvəzi, R. Axundov və Z. Qurbanlının nümayəndəsi Xalid Bağırova 1000 avro tərcümə və poçt xidmətləri əvəzi ödənilməlidir.

SEE ALSO: Azərbaycan Ali Məhkəməsinin Plenumu NİDA-çılardan bəzilərinə bəraət verib

“Cəlal Hüseynov və başqaları Azərbaycana qarşı” işi müxtəlif ittihamlarla mühakimə olunan ərizəçilərin (Cəlal Hüseynov, Zaur Qənbərov, Natiq Məhəmmədsoy) Bakı Ağır Cinayətlər Məhkəməsi, Gəncə Apellyasiya Məhkəməsi və Xəzər Rayon Məhkəməsindəki icraatlar zamanı metal qəfəsdə saxlanılmasının qanunsuzluğu iddiaları ilə bağlı olub. Ərizəçilər qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qaldıqlarını bildirərək, AİHM qarşısında Konvensiyanın 3-cü maddəsinin pozuntusu üzrə iddia qaldırıblar. Bu işdə tərəflər dostca anlaşıblar. Qərardada görə, hökumət ərizəçilərin hər birinə 1700 avro mənəvi zərər, 600 avro hüquqi xərc əvəzi ödəyəcək.

“Ağahüseyn Gözəlov Azərbaycana qarşı” işində isə ərizəçi, 2015-ci ildə keçirilən parlament seçkilərində namizəd olan Ağahüseyn Gözəlovun seçki dairələrindəki seçki pozuntuları ilə bağlı şikayətlərinə səmərəli baxılmamasından şikayət edib. Bu işdə hökumət AİHM-ə iddia edilən pozuntuların etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib. Ərizəçi vəfat etdiyindən onun oğlu şikayəti davam etdirib və tərəflər dostca anlaşıblar. Dostca anlaşmaya əsaslanan qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 3000, hüquqi xərclər əvəzi 500 avro ödəyəcək.

AİHM-in Azərbaycanla bağlı çıxardığı digər 3 qərar isə Ermənistan vətəndaşlarının Azərbaycana qarşı qaldırdıqları işlərlə bağlıdır.

“Qazaryan və Bayramyan Azərbaycana qarşı” işində ərizəçilər Ermənistanın Azərbaycanla sərhədindən bir neçə kilometr aralıda yerləşən Berdavan kəndində yaşayan Ermənistan vətəndaşları Armen Qazaryan və Astqik Bayramyandır. Onları 39 yaşlı oğlu, psixi sağlamlıq problemi olan Karen Qazaryanın 2018-ci ilin iyulunda Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb və Azərbaycan məhkəmələri tərəfindən təxribat və terrorda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum olunub. Nəhayət 2020-ci ilin dekabrında əsirlərin mübadiləsi çərçivəsində o, Ermənistana qaytarılıb. Ərizəçilər AİHM qarşısında övladlarının tutulması, həbsi və mühakiməsinin Konvensiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) və 5-ci maddələrinin (azadlıq və təhlükəsizlik hüququ) pozuntusu ilə müşayiət olunduğunu iddia edirdilər.

AİHM Karen Qazaryana münasibətdə Konvensiyanın 3-cü, 5.1-ci və 5.3-cü maddələrinin pozuntusunu tanıyıb. Qərar görə, hökumət Karen Qazaryana mənəvi zərər əvəzi 10 min avro, xərc və məsrəflərə görəsə 3225 avro ödəyəcək.

“Qarik Ohanyan və başqaları Azərbaycana qarşı” işində isə Talış kəndindən olan ərizəçilər Azərbaycan və Ermənistan arasında 2016-cı ilin aprelində baş verən döyüşlərdən sonra yaşadıqları evi tərk etməli olublar. Ərizəçilər onlara münasibətdə Konvensiyanın 2-ci, 8-ci, 13-cü və 14-cü maddələrinin pozulduğunu, habelə mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər. AİHM bu şikayəti qəbuledilməz hesab edib.

“Manvel Hakobyan Azərbaycana qarşı” işində də eynilə ərizəçi 2016-cı ilin aprelində baş verən silahlı toqquşmalar nəticində yaşadıqları evi tərk etməli olub. Ərizəçi “Qarik Ohanyan və başqaları Azərbaycana qarşı” işindəki kimi oxşar pozuntu iddiaları qaldırsa da, AİHM bu şikayəti də qəbuledilməz hesab edib.

Avropa Məhkəməsi bu gün həmçinin bir qrup Azərbaycan vətəndaşının Ermənistana qarşı şikayətləri üzrə 4 qərarını elan edib. Məhkəmə işlərdən birinə mahiyyəti üzrə baxaraq pozuntu qeydə almayıb, digər 3 ərizəni isə qəbuledilməz hesab edib.