“Xəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı yükdaşıma aviaşirkətlərindən biri olan "Silk Way West Airlines" ilk "Boeing 777F" təyyarəsinin Sietldən Bakıya olan uçuşu barədə elan edir. Bu monumental mərhələ həm "Silk Way West Airlines", həm də Azərbaycanın bütün aviasiya sənayesi üçün əhəmiyyətli irəliləyişdir”.
Bu barədə Silk Way West Airlines şirkəti məlumat yayıb.
"Boeing 777F" təyyarəsi qabaqcıl texniki göstəriciləri, yanacaq səmərəliliyi və ekoloji davamlılığı ilə tanınır. "Silk Way West Airlines" bu ekoloji cəhətdən təmiz təyyarəni idarə etməkdən şərəf duyur və davamlı aviasiya təcrübələrinə sadiqliyini bir daha nümayiş etdirir”, şirkətin məlumatında qeyd edilir.
Bu, "Boeing" və "Silk Way West Airlines" şirkətləri arasında imzalanmış müqavilələr çərçivəsində çatdırılacaq 7 "Boeing" təyyarəsindən birincisinin ilk uçuşudur. Sazişlərə əsasən Azərbaycana 5 "Boeing 777F" və 2 Boeing 777-8F təyyarəsinin gəlişi 2030-cu ilə qədər növbəti 7 il ərzində həyata keçiriləcək.
"Silk Way West Airlines" "Boeing 777F"in gəlişinin ölkənin regional və qlobal nəqliyyat qovşağı kimi artan əhəmiyyətinin göstəricisi olduğunu bildirir.
"Silk Way West Airlines"ın donanmasının genişləndirilməsi uçuşların həcmini artırmaq və yeni istiqamətlər əlavə etmək kimi imkanlar yaradacaq. Donanmanın strateji genişləndirilməsi planının çərçivəsində növbəti ay ərzində daha bir təyyarənin gəlişi gözlənilir.
"Silk Way West Airlines"ın prezidenti Volfqanq Mayer bildirib: “Biz ilk "Boeing 777F" təyyarəmizin Bakıya gəlişini qarşılamaqdan məmnunuq. Donanmamıza olunan bu əlavə nəinki imkanlarımızı genişləndirir, həm də müştərilərimizə davamlı yükdaşıma xidmətləri göstərmək öhdəliyimizi vurğulayır. Qlobal yük bazarında mövqeyimizi daha da gücləndirmək üçün "Boeing 777F"in qabaqcıl xüsusiyyətlərindən istifadə etmək imkanını səbirsizliklə gözləyirik", o qeyd edib
Əsası 2012-ci ildə İpək yolunun mərkəzi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir "Boeing 747-8F" və "747-400F" yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir.
Donanmasını genişləndirən "Silk Way West Airlines "28 aprel 2021-ci ildə 5 yeni "777F" təyyarəsinin alınması üçün "Boeing" ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir "777-8F" yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqaviləyə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə "Airbus" ilə 2 "A350F" yük təyyarəsinin alınması barədə razılığa gəlib.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.
Dünyanın aparıcı aerokosmik şirkəti olaraq, "Boeing" 150-dən çox ölkədə müştərilər üçün kommersiya təyyarələri, müdafiə məhsulları və kosmik sistemlər yaradır, istehsal edir və onlara xidmət göstərir. ABŞ-ın aparıcı ixracatçısı kimi şirkət iqtisadi imkanları, davamlılığı və sosial təsirləri inkişaf etdirmək üçün qlobal təchizatçı bazasının gücündən istifadə edir.