Azərbaycan mətbuatının bildirdiyinə görə, tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş liderləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-2020) və Araik Arutyunyan (2020-2023), o cümlədən “Daşnakasutyun” partiyasının Qarabağ təmsilçisi və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan Azərbaycan Dövlət Təhlükəsiliyi Xidməti tərəfindən saxlanılaraq, Bakıya gətirilib.
Azərbaycan hökuməti bu barədə hələ məlumat yamasa da, təkzib də verilməyib.
Bununla bərabər, Armenpress xəbər saytının yazdığına görə, tanınmamış qurumun keçmiş dövlət naziri Artur Arutyunyan, keçmiş daxili işlər naziri Karen Sarkisyan və təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Ararat Melkunyan oktyabrın 2-də Ermənistana daxil olublar.
Bundan öncə tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın keçmiş dövlət naziri Ruben Vardanyan, keçmiş müdafiə nazirinin müavini Davit Manukyan və keçmiş müdafiə naziri Lyova Mnatsakanyan saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin terrorçuluq, terroru maliyələşdirmək, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratmaq və başqa ağır ittihamlar irəli sürülüb.
“Biz etnik təmizləmə, soyqırım və ya digər vəhşiliklərlə bağlı iddiaları ciddi qəbul edirik”
“Biz düşünürük ki, Azərbaycan və Ermənistan mütləq sülh danışıqlarına qayıtmalıdır. Dağlıq Qarabağın statusundan kənarda Ermənistan və Azərbaycan arasında mübahisəli olan başqa məsələlər də var və biz onları sülh danışıqlarına qayıtmağa, müzakirə etmək və son nəticədə bu məsələləri həll etməyə təşviq edirik.”
Bu barədə oktyabrın 2-də ənənəvi brifinqdə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Turan agentliyinin sualının cavabında bildirib.
O, Qarabağda etnik təmizləmənin olub-olmaması ilə bağlı sualın cavabında deyib ki, bu barədə sübutlar olmadan danışa bilməyəcəyini deyib.
“Biz etnik təmizləmə, soyqırım və ya digər vəhşiliklərlə bağlı iddiaları ciddi qəbul edirik. Vəziyyətlə bağlı yerlərdə olan təmaslarla əlaqə saxlayırıq. Biz vəhşilik iddialarına cavab vermək və vəhşiliklərin baş verdiyinə dair sübutlar gördüyümüz zaman məsuliyyət daşıyanların məsuliyyətini təşviq etmək üçün müvafiq tədbirlər görməkdən çəkinməyəcəyik. Lakin həmişə olduğu kimi, soyqırım və ya etnik təmizləmə ilə bağlı qərar düşünülmüş, sübuta əsaslanan prosesə əsaslanır. Bu kürsüdən hər hansı bir yekunluq dərəcəsi ilə danışa biləcəyim bir şey deyil” - deyə, ABŞ Dövlət Departamenti sözçüsü bildirib.
“Avropa İttifaqı Azərbaycanla münasibətlərinə yenidən nəzər keçirə bilər”
Avropa İttifaqı Qarabağda vəziyyət daha da pisləşərsə, Azərbaycanla münasibətlərinə yenidən nəzərdən keçirə, şəxsi sanksiyalar tətbiq edə bilər. Bu barədə Reuters agentliyi İttifaqın daxili diplomatik sənədinə istinadən xəbər verir.
Avropa İttifaqının Xarici Fəaliyyət İdarəsinin hazırladığı sənəddə qeyd edilir ki, “ciddi insan haqları pozuntularına yol verildiyi təqdirdə, bu cür pozuntulara görə təqsirli olan şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlər nəzərdə tutula bilər”.
Aİ-nin Azərbaycanla siyasi münasibətlər, maliyyə yardımları və müəyyən sahələrdə əməkdaşlığını yenidən nəzərdən keçirə biləcəyi vurğulanır. Reuters sənəddə Aİ ilə Azərbaycan arasındakı enerji tərəfdaşlığına dair hər hansı məlumatın yer almadığını qeyd edib.
Avropa İttifaqı və İttifaqa üzv ölkələrin bir çoxu Azərbaycanın Qarabağda son hərbi əməliyyatlarını pisləyib. Fransa və bir sıra ölkələr, habelə Avropa Parlamentinin deputatları Azərbaycana qarşı daha sərt raddımların atılmasının tərəfdarı olsa da, bəzi üzv ölkələrin, Macarıstan və Avstriyanın buna tərəddüd etdiyi bildirilir.
Avropa İttifaqının Xarici Fəaliyyət İdarəsinin rəsmisi Lük Pyer Devin Avropa Parlamentində Qarabağda son əməliyyatlarla bağlı sentyabrın 20-də baş tutan dinləmələrdə deputatların Azərbaycana qarşı daha sərt addımlara, o cümlədən sanksiyalara dair çağırışlarına cavab olaraq qeyd edib ki, sanksiyaların tətbiq edilməsi üçün üzv ölkələrin yekdil qərarı olmalıdır.
“Sual da budur ki, sanksiyaların tətbiq edilməsi üçün yekdillik olacaqmı”, Devin vurğulayıb.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel oktyabrın 2-də Euronews kanalına müsahibəsində Qarabağdakı son hərbi əməliyyatlardan sonra Avropa İttifaqına və Aİ-nin Azərbaycan və Ermənistan arasındakı vasitəçilik səylərinə qarşı tənqidləri qəbul etməyərək, bu səylər nəticəsində bir çox sahələrdə, o cümlədən sülh sazişini təmin etmək məqsədi daşıyan mətnlər üzərində irəliləyişə nail olduqlarını deyib.
“Amma buna baxmayaraq, şübhəsiz bu hərbi əməliyyatlar bizi təəssüfləndirdi. Mən Azərbaycanın qəbul etdiyi bu qərardan son dərəcə məyus oldum və mən bunu Prezident Əliyevə çox açıq şəkildə bildirdim”, Şarl Mişel qeyd edib.
Fransa xarici işlər naziri Ermənistanda səfərdədir
Oktyabrın 3-ü Fransanın xarici işlər naziri Katrin Kolona bölgədə vəziyyəti qiymətləndirmək və köçkün axını ilə üzrəşən Ermənistana dəstəyini ifadə etmək məqsədi ilə bu ölkəyə səfər edib. Fransa Xarici İşlər Nazirliyi səfərlə bağlı qeyd edir ki, Katrin Kolona “Fransanın Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və bunlara hörmətlə bağlı son dərəcə sayıqlığını bir daha təsdiq edəcək”.
Fransa prezidenti Emmanuel Makron sentyabrın 24-ü Fransa televiziya kanallarına müsahibəsində Ermənistanın ərazi bütövlüyünün təhlükə altında olduğunu deyib. “Bu gün qarşımızda Azərbaycanla ortaq olan Rusiya, bu manevrləri hər zaman dəstəkləyən Türkiyə və sərhəd tanımayan, Ermənistanın sərhədini təhdid edən bir güc var. Bu gün risk altında olan budur”, Makron vurğulayıb.
Fransa ötən həftə Ermənistana sığınan Qarabağ sakinlərinə dəstək olmaq məqsədi ilə əlavə 7 milyon avro məbləğində maliyyə yardımı ayırdığını elan edib. Fransa bu ilin əvvəlindən bölgədə fəaliyyət göstərən humanitar təşkilatların, o cümlədən BMT agentliklərinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı ofisinin işinə dəstək olmaq məqsədi ilə ümumilikdə 12,5 milyon avroluq maliyyə dəstəyi ayırıb.
BQXK Qarabağla bağlı brifinq keçirib
Beynəlxalq Qızıl Xaç Komitəsinin hazırda Xankəndində olan komandasının rəhbəri Marko Suççi bildirib ki, son kütləvi köçdən sonra şəhərdə cəmi bir neçə yüz nəfər qalıb və onların əksəri xüsusi qayğıya ehtiyacı olan, yaşlı, xəstə və digər həssas qruplardan olan insanlardır.
“Bizim gəldiyimiz ilk günlərdən bəri küçələr tamamilə boşalıb, xəstəxanalar işləmir, tibb işçiləri və administrativ işçilər bölgəni tərk edib. Hətta morq direktoru da gedib. Deməliyəm ki, qarşılaşdığımız səhnələr olduqca sürrealdır”, Suççi çərşənbə axşam BMT agentliklərinin bölgədəki vəziyyətlə bağlı brifinqində qeyd edib.
Marko Suççi BQXK komandasının hazırda orada qalan, təxliyəyə və ya xüsusi qayğıya ehtiyacı olan insanları tapmaq üçün məhəllə-məhəllə gəzdiklərini və meqafonlardan istifadə etdiklərini bildirib.
Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.
Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gələn sakinlərin ümumi sayı 100 mindən artıqdır.
Azərbaycan hakimiyyəti reinteqrasiya ilə bağlı tədbirlər planını açıqlayıb
Azərbaycan hökuməti isə öz növbəsində “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” çağırıb, ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.
Azərbaycan Prezidentinin Administrasiyası oktyabrın 2-də erməni sakinlərin reinteqrasiyası ilə bağlı tədbirlər proqramını açıqlayıb. Rəsmi məlumatda qeyd edilir ki, reinteqrasiya Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir, etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir.
Ötən həftəsonu Qarabağa səfər edən BMT missiyası yerli əhalinin hüquqlarının müdafiəsini təmin etmək üçün bütün lazımi səyləri göstərməyə çağırıb. “BMT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan Respublikası Hökumətinə dəstək olaraq və digər tərəfdaşlarla birlikdə çalışaraq Qarabağda qalan yerli əhaliyə və geri qayıtmaq istəyənlərə dəstək verməyə hazırdır”, bəyanatda qeyd edilir.