Milli fəal Əşkan Səadətmehr həbs edilib

Əşkan Səadətmehr

Urmiyə sakini, güneyli milli fəal Əşkan Səadətmehr sentyabrın 20-də Urmiyə şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və sorğu-sual edildikdən sonra həmin şəhərin həbsxanasına köçürülüb.

Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, o, iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. HRA xəbər agentliyi bu azərbaycanlı milli fəalın bir neçə gün sorğu-sual edildikdən sonra sentyabrın 26-da Urmiyə həbsxanasına köçürüldüyünü bildirib.

İndiyədək ona mülki zəmanət qarşılığnda müvəqqəti olaraq azadlığa çıxmasına icazə verilməyib. Yayımlanan bəzi xəbərlərə əsasən, ailəsi onun müvəqqəti azadlığa buraxılması üçün lazımi girov məbləğini təmin edib, lakin məhkəmə orqanları onun müvəqqəti azadlığa buraxılmasına hələ ki, razılıq verməyib.

Əşkan Səadətmehr bundan öncə də dinc fəaliyyətlərindən dolayı təhlükəsizlik qüvvələri tərəfindən bir neçə dəfə çağırılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

Güneyli fəala qarşı irəli sürülən ittihamlar barəsində hələ ki, məlumat yoxdur.

Son aylarda Urmiyə gölünün vəziyyətinin pisləşməsi və ölkədə ümummili etirazların ildönümü ərəfəsində İran Azərbaycanında milli fəallara qarşı təzyiqlərin artdığı müşahidə olunur.