Azərbaycan və Ukrayna parlamentinin sədrləri görüşüb

Ruslan Stefançuk və Sahibə Qafarova (Mənbə: Ukraynanın Azərbaycandakı səfirliyi)

Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Avropa parlament sədrlərinin görüşüşü çərçivəsində Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir ki, görüşdə iki ölkə və parlamentlər arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

“Söhbət zamanı Azərbaycan və Ukraynanın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığı qeyd edilib. Ərazi bütövlüyü, suverenlik məsələlərində qarşılıqlı dəstəyin vacibliyi diqqətə çatdırılıb. Görüşdə Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımlara görə ölkəmizə minnətdarlıq ifadə olunub və bu, dostluq münasibətlərinin göstəricisi kimi qiymətləndirilib”, məlumatda qeyd edilir.

Parlament sədrləri iki ölkə arasında münasibətlərin qanunvericilik orqanları səviyyəsində də uğurla davam etdirildiyini bildirib.

“Azərbaycanla Ukrayna arasında parlamentlərarası dostluq qruplarının fəaliyyəti bu sahədə əməkdaşlığı dərinləşdirmək üçün körpü rolunu oynayır. Dostluq qrupları üzvlərinin qarşılıqlı səfərləri əlaqələrin inkişafına, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə imkan verir”, Milli Məclisin məlumatında deyilir.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinə baxmayaraq Azərbaycan və Ukrayna parlamentinin deputatları qarşılıqlı səfələri davam etdirir. Azərbaycan Milli Məclisinin deputatları sonuncu dəfə bu ilin aprelində Ukraynada səfərdə olub.

Azərbyacan müharibənin ilk günlərindən Azərbaycan Ukraynaya humanitar yardım göndərməyə başlayıb. İlk yardım müharibənin başlamasından üç gün sonra, 27 fevralda çatdırılıb.

Rəsmi məlumatlara görə, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manatdan çoxdur. Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 120-dən çox ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna nümayəndəliyi (SOCAR Energy Ukraine) müharibə başlayandan humanitar yardım olaraq təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini pulsuz yanacaqla təmin edir.

2023-cü il iyulun 17-də Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün 7,6 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılması barədə sərəncam imzalayıb.

Buna qədər Azərbaycan Ukraynaya Kaxovka Su Elelktrik Stansiyasının dağıntılarının nəticələrinin aradan qaldırılması üçün humanitar yardım qismində generatorlar, nasoslar və digər avadanlıq, ərzaq, dərman və tibbi ləvazimatlar göndərib.

Bu ilin avqustunda isə Azərbaycan Ukraynaya mina təmizləmək üçün maşın göndəriləcəyini elan edib.