ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer sentyabrın 27-də Azərbaycana gəlib. Onu səfər zamanı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono müşaiyyət edir.
Pauerin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, görüş zamanı Azərbaycan prezidenti son hərbi əməliyyat zamanı mülki əhaliyə ziyan dəymədiyini, hədəf ancaq qanunsuz erməni silahlı birləşmələri və hərbi obyektlər olduğunu bildirib.
Əlavə edilir ki, Əliyev Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqları mövzusuna toxunaraq, onların hüquqlarının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcəyini deyib.
Görüşdə rəsmi Bakının ölkədə akkreditə olunan BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazır olduğu qeyd edilib.
USAID Azərbaycan prezidenti ilə görüş barədə hələ məlumat yaymayıb. Görüşdən öncə isə verilən məlumatda Pauerin Dağlıq Qarabağdakı humanitar vəziyyəti və bununla bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə əməl etməyin vacibliyini müzakirə etmək üçün Prezident İlham Əliyevlə görüşəcəyi deyilirdi.
“USAID rəhbəri səfər zamanı həmçinin Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında davamlı və ləyaqətli sülhün perspektivlərinə toxunacaq”, məlumatda deyilir.
USAID rəhbəri Samanta Pauer Azərbaycandan öncə sentyabrın 25-26-da Ermənistanda səfərdə olub. O ölkənin yüksək rəhbərliyi ilə humanitar durumu və regiondakı son vəziyyəti müzakirə edib. Pauer sentyabrın 26-da Ermənistanın Azərbaycanla həmsərhəd Qoris şəhərinə gedib və yerli icma ilə müzakirələr aparıb.
Pauerin Ermənistana səfəri ilə bağlı USAID-in məlumatında deyilir ki, o ABŞ-ın Ermənistanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və demokratiyasına dəstəyini təsdiqləmək və “Dağlıq Qarabağda son zorakılıqdan irəli gələn humanitar ehtiyacların” həllinə kömək etmək üçün bu ölkəyə səfər edib.
“Birləşmiş Ştatlar regionda ləyaqətli və davamlı sülhə nail olmaq üçün Ermənistanı dəstəkləməkdə davam edir. Birləşmiş Ştatlar Dağlıq Qarabağdakı humanitar vəziyyətlə bağlı hesabatlardan dərin narahatdır və beynəlxalq humanitar təşkilatlara və kommersiya daşımalarına maneəsiz çıxışa çağırır”, USAID-in məlumatında deyilir.