DTX: Minalar yerləşdirərək 6 nəfərin həlak olmasında şübhəli bilinənlər saxlanılıb. Silahların yığılması davam etdirilir

Xankəndi şəhəri

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Qarabağın erməni sakinlərini qeyri-qanuni hərəkətlərdən çəkinməyə, silah-sursatı qısa müddətdə təhvil verməyə çağırır.

Bu barədə DTX-nin Qarabağın erməni əhalisinə ünvanlandığı müraciətdə deyilir.

"Ötən müddətdə davam etmiş terror-təxribat əməllərini, o cümlədən 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafiq şəxslər həmin antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü il tarixində tərksilah edilərək saxlanılıblar. Qanunsuz erməni silahlı dəstələrinin tam tərksilah edilməklə döyüş mövqelərindən çıxarılmasına dair razılıq əldə olunduqdan sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq, erməni əhalinin yaşadığı ərazilərdə əmin-amanlığın, yerli sakinlərin şəxsi təhlükəsizliklərinin və sosial problemlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, qanunsuz erməni hərbi birləşmələrinin sərəncamında olan döyüş sursatları Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülüb", məlumatda deyilir.

Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət edərək, "Azərbaycanın Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə" çağırır.

DTX qeyd edir ki, silahları təhvil vermiş və Azərbaycanın müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir.

Azərbaycan rəsmilərinin və Qarabağın erməni sakinlərinin yaşadığı bölgədə fəaliyyət göstərən Rusiya Sülhməramlı Kontingentinin məlumatına əsasən, bölgədə silahsızlaşdırma davam etdirilir.

Rusiya Müdafiə Nazirliyinin "Dağlıq Qarabağ münaqişəsi zonasında" fəaliyyət göstərən sülhməramlı kontingentinin sentyabrın 24-də yaydığı məlumata görə, Rusiya sülhməramlı kontingenti Azərbaycanla davamlı qarşılıqlı əlaqə şəraitində Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.

"Bütün bunlar dinc əhaliyə münasibətdə qan tökülməsinin qarşısının alınması, təhlükəsizliyin təmin edilməsi və humanitar qanunlara riayət edilməsi məqsədi daşıyır", məlumatda bildirilir.

Məlumatda deyilir ki, sentyabrın 24 regionda atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb.

"Döyüş əməliyyatlarının dayandırılması ilə bağlı əldə edilmiş razılaşmalara uyğun olaraq, Qarabağın silahlı birləşmələri Rusiya sülhməramlılarının nəzarəti altında silah və hərbi texnikanın təhvil verilməsini davam etdirir. Sentyabrın 24-nə olan məlumata görə, altı ədəd zirehli texnika, 1200-dən çox atıcı silah, tank əleyhinə silahlar və zenit raket kompleksi, 130 minə yaxın döyüş sursatı təhvil verilib" - deyə məlumatda qeyd edilir.

Rusiya sülhməramlıları Qarabağın mülki əhalisinə humanitar yüklərin çatdırılmasını təmin ediblər. Ümumilikdə 125 ton ərzaq, 65 ton yanacaq-sürtkü materialı gətirilib.

Hazırda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi hissədə 715 mülki şəxs var, onların 402-si uşaqlardır. Onların yaşayışı, qidalanması və tibbi xidməti təşkil olunur.

Bununla yanaşı, Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti sentyabrın 25-də Qarabağın ermənilər yaşayan hissəsindəki "qanunsuz fəaliyyət göstərmiş mülki təyinatlı obyektin" uzun müddət hərbi məqsədlər üçün istifadə olunduğunu bildirib.

"Burada müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, "Faqot" tank əleyhinə raket kompleksinin idarə olunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb", məlumatda qeyd edilir.