Sentyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatında deyilir ki, Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının faciəli şəkildə həlak olması ilə bağlı üzrxahlıq ifadə edib və dərin hüznlə başsağlığı verib.
“Baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Bununla bağlı hər iki ölkənin Baş prokurorluqları sıx əlaqədədir. Azərbaycan Prezidenti həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib”, məlumatda qeyd edilir.
Tərəflər Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Rusiya sülhməramlı kontingentinin köməyi sayəsində əldə edilmiş razılaşmaların ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd edib.
“Bu kontekstdə sentyabrın 21-də Yevlax şəhərində Rusiya sülhməramlı kontingentinin iştirakı ilə Azərbaycanın dövlət strukturlarının nümayəndələri və Qarabağın erməni əhalisi arasında başlayan təmaslara böyük əhəmiyyət verilir", telefon danışığı zamanı qeyd edilib.
İki ölkənin lideri regionda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üzrə prioritet addımları da müzakirə edib.
"Vladimir Putin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan tərəfinin Rusiya sülhməramlıları ilə bu məsələlər üzrə qarşılıqlı fəaliyyətə hazır olduğu təsdiqlənib.
2020-2022-ci illərdə yüksək səviyyədə əldə edilmiş məlum üçtərəfli razılaşmaların fonunda aparılan danışıqlar prosesində ilk növbədə nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə Yerevan arasında sülh müqaviləsinin hazırlanması üzrə işlərin fəallaşdırılması razılaşdırılıb”, Mətbuat xidməti bildirir.
Rusiya Prezidentinin rəsmi internet saytı da telefon danışığı barədə eyni məzmunlu məlumat yayıb.
Rusiya Müdafi Nazirliyi bildirib ki, sentyabrın 20-də Azərbaycanın Qarabağ bölgəsinin Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən Rusiya hərbçilərinin olduğu avtomobil atıcı silahlardan atəşə tutulub. Nəticədə avtomobildə olan Rusiya hərbçiləri həlak olub.
Rusiya sülhməramlılarına hansı tərəfin atəş açması ilə bağlı hələ rəsmi məlumat yayılmayıb. Həlak olan hərbçilərin sayı barədə də məlumat verilmir.
Bununla yanaşı, TASS agentliyi Rusiya Müdafiə Nazirliyindəki mənbəyinə istinadən bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin Rusiya sülhməramlılarının faciəvi ölümünə görə məsul şəxslərə rəhbərlik edən korpus komandiri vəzifə öhdəliklərinin icrasından kənarlaşdırılıb. Bundan başqa, bu xoşagəlməz hadisə ilə əlaqədar şübhəli bilinən şəxslər saxlanılıb.