Sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan rəsmiləri ilə Qarabağ regionunun erməni icmasının nümayəndələri arasında görüş baş tutub. İki saatdan çox davam edən görüş Azərbaycan hakimiyyətinin hərbi əməliyyat başlamasından sonra Qarabağın erməni icmasının rəsmi Bakının silahları təhvil vermək şərtini qəbul etməsi və atəşkəsin əldə olunmasından bir gün sonra keçirilib.
Görüşdə Azərbaycan hakimiyyətini Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edib.
Rusiya sülhməramlı kontingentinin nümayəndəsinin də iştirak etdiyi görüşdə Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil edib.
Görüşün nəticələri ilə bağlı Azərbaycan Prezidentinin Administrasiyasının açılamasında deyilir ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştırakçı qismində görüşə qatılıb.
Açıqlamada görüşün “konstruktiv və müsbət mühitdə” keçdiyi və görüş zamanı Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparıldığı qeyd edilib:
“Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib. Həmçinin Azərbaycan Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb.”
Eyni zamanda görüşdə “sosial və humanitar xarakterli” məsələlərin də müzakirə edildiyi bildirilir.
“Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır”, açıqlamada qeyd edilir.
Prezident Administrasiyası bildirir ki, tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.
Erməni icmasının nümayəndələri görüşün nəticələri ilə bağlı hələ açıqlama verməyib.
Görüşün keçirildiyi vaxt Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Respublikasının Müstəqilliyinin 32-ci ildönümü münasibətilə müraciət edib və qeyd edib ki, bu gün Ermənistanın müstəqilliyi üçün ölkədə əlverişli olan bir çox ilkin şərtlər təsdiqlənib.
"Amma demokratiya, iqtisadi və istənilən hüquqi fəaliyyət azadlığı, hamının qanun qarşısında bərabərliyi, prinsipial antikorrupsiya siyasəti, iqtisadi fəaliyyət bunun üçün zəruri, lakin kafi şərtlər deyil. Bu şərtlərin tam olması üçün sülh, yəni münaqişəsiz bir mühit lazımdır. Sülh müstəqilliyi və suverenliyi təmin etdiyi kimi təhlükəsizliyi də təmin edən amildir", Paşinyan bəyan edib.