Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə edən Rail Abbasov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

Rail Abbasov

Hazırda həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevin hüquqularının müfafiəsində fəal iştirak edən Rail Abbasov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bakının Nəsimi rayon Məhkəməsinin sentyabrın 20-də verdiyi bu qərar haqda məlumatı Amerikanın Səsinə hüquq müdafiəçisi Rüfət Səfərov verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Rail Abbasov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Abbasov Nəsimi rayon Polis İdarəsi tərəfindən sentyabrın 19-da saxlanılıb.

Səfərovun sözlərinə görə, məhkəmə prosesində Abbasov özünü təqsirli bilməyib. Müdafiə tərəfi birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Hüquq müdafiəçisi bu həbsin siyasi sifariş olduğunu hesab edir və Abbasovun həbsini insan haqları müdafiəçisi və siyasi fəal Bəxtiyar Hacıyevin işi ilə bağlı bir "qısas aktı" olduğunu deyir.

Daxili İşlər Nazirliyi hələ fəalın saxlanılması ilə bağlı açıqlama verməyib.

Xatırlatma

Rail Abbasov bu ilin iyunun 6-da Bakı şəhər Baş Polis İdarəsində istintaq tərəfindən saatlarla dindirildikdən sonra sərbəst buraxılıb.

Rail Abbasovun hüquqlarını müdafiə etdiyi Bəxtiyar Hacıyev isə ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.