İran Azərbaycan səfirliyinin fəaliyyətini bərpa edəcəyinə ümid etdiyini bldirir

İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Nasir Kənani sentyabrın 18-də brifinqdə bildirib ki, İran Azərbaycan Respublikasının İrandakı səfirliyinin fəaliyyətinin bərpa ediləcəyinə ümid edir.

Mətbuat katibi İran və Azərbaycan XİN rəhbərləri Hüseyn Əmir Abdullahianla Ceyhun Bayramov arasında telefon danışığını qeyd edib.

"İki ölkə arasında çox sayda məsələləri əhatə edən danışıqlar prosesi xüsusən təhlükəsizlik, məhkəmə sistemi və iqtisadiyyat sahələrində müsbət dinamika nümayiş etdirib", o deyib.

Kənani həmçinin bu danışıqlar vasitəsilə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasının şahidi olacağına ümid etdiyini bildirib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan sentyabrın 17-də telefon danışığı zamanı ikitərəfli və regional gündəlikdə duran məsələləri, eləcə də post-münaqişə dövründə cari regional vəziyyəti müzakirə edib.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə deyib ki, münasibətlərdəki ziddiyyətlər İran tərəfindən aradan qaldırmalıdır.

“Bu amillər aradan qaldırılandan sonra münasibətlər normallaşa bilər, diplomatik münasibətlər də əvvəlki məcrasına qayıda bilər", ekspert qeyd edib.

Xatırlatma

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.