Rusiya Qızıl Xaç Cəmiyyətinin (RQXC) Azərbaycanın Qarabağ regionunun ermənilər yaşayan hissəsinə göndərdiyi humanitar yardım avtomobili iki gün Azərbaycanın Bərdə şəhərində gözlədikdən sonra sentyabrın 12-də Rusiya Sülhməramlı Kontingentinin nəzarət etdiyi əraziyə daxil olub.
Bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə RQXC-nın yük avtomobilinin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndinə keçidi təmin olunub.
“Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem və təxribatların törədilməsinə baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndiririk”, o qeyd edib.
Hacızadə Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəldikdə deyib ki, Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəsi bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib.
“Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır”, o qeyd edib.
Rusiya Federasiyasının göndərdiyi humanitar yardım olan yük maşınının Əsgəran yolu ilə Xankəndinə çatdığını Qarabağ erməniləri də təsdiqləyib.
“Tank” abidəsi yaxınlığında toplaşan narahat vətəndaşlar əvvəlcə avtomobili Artsaxa buraxmayaraq etiraz ediblər, sonra razılığa gəliblər və Rusiya Federasiyası Qızıl Xaç Cəmiyyətinin yük maşını polisin müşayiəti ilə Artsaxın paytaxtı Stepanakertə daxil olub”, özünü Əsgəran şəhərinin meri kimi təqdim edən Hayk Şamiryan qeyd edib.
Bu arada, Cenevrədə səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Prezidenti Mirjana Spoljaric Eggerlə görüşüb.
“Görüşdə Azərbaycanla BQXK arasında əməkdaşlığın cari vəziyyəti, o cümlədən bölgədəki son vəziyyətin fonunda çağırışlar və gələcək perspektivlər barədə müzakirələr aparılıb”, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə Amerikanın Səsinə müsahibəsində bildirib ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin yardımı Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə olan memorandum əsasında və Rusiya hökumətinin təşəbbüsü ilə həyata keçirilib.
“Bu mənada Ağdam-Xankəndi yolunun humanitar məqsədlər üçün açılması böyük bir nailiyyətdir”, o qeyd edib.
Your browser doesn’t support HTML5
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yüklərinin Qarabağın ermənilər yaşayan hisəsəsinə çatdırılması ilə bağlı yaranmış problemə gəlincə vitse-prezident deyib ki, hələ Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi 40 ton un məmulatlarından ibarət olan humanitar yük Ağdam-Əsgəran-Xankəndi yolunun başlanğıcında gözləyir.
“Hazırda ermənilərlə birbaşa olmasa da Rusiya Sülhməramlı Kontingentinin komandanlığı vasitəsi ilə humanitar yüklərin çatdırılması ilə bağlı danışıqlar aparılır. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hazırda erməni sakinlərlə birbaşa təması yoxdur. Rusiya Sülhməramlı Kontingentinin komandanlığı vasitəsi ilə razılıq əldə olunarsa humanitar yüklər ünvana çatdırılacaq”, o qeyd edib.
Əsgərzadə deyib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinin erməni sakinlərin yaşadığı hissəyə daxil olması ilə bağlı razılıq olarsa, onların təhlükəsizlyi təmin edilərsə regionda humanitar yardıma ehtiyacla bağlı qiymətləndirmə aparılacaq.
“Hansı humanitar yardıma ehtiyacı olması ilə bağlı qiymətləndirmə aparılması baş tutarsa Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanitar yardımın çatdırlmaıs ilə bağlı məsələyə baxa bilər. Çünki Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkə ərazisində yaşayan istənilən insana millətindən, irqindən, dinindən, siyasi əqidəsindən, sosial mənşəyindən asılı olmayaq fərq qoymadan istənilən humanitar yardımı göstərmək iqtidarındadır”, o qeyd edib.
Azərbaycan iyun ayının 15-də Laçın sərhəd məntəqəsində baş verən silahlı insidentdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinə Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.
Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq, Azərbaycandan gələn humanitar yükləri qəbul etməyəcəklərini bildirib.
Bununla yanaşı, sentyabrın 9-da Rusiya Qızıl Xaç Komitəsinin Qarabağın erməni icmasına göndərdiyi humanitar yük də ilkin olaraq erməni sakinlər tərəfindən qəbul edilməyib. Yalnız sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətnin humanitar yük avtomobili ermənilər yaşayan Xankəndi şəhərinə buraxılıb.
Beynəlxalq Qızıl Xaç Komitəsi avqustun 18-də məlumat yayaraq Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.