Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli sentyabrın 4-dən həbsinə etiraz olaraq saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir.
Bu barədə Nazim Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli bu gün, sentyabrın 7-də onunla telefon danışığından sonra Amerikanın Səsinə bildirib.
Your browser doesn’t support HTML5
"Mən və övladlarımız Nazim müəllimdən aclığı dayandırmasını xahiş etdik. Xatırlatdım ki, onun 60 yaşı var. Yeməksiz qala bilər, amma susuz yaşaya bilməz. Dedim ki, bu sənin səhhətində geridönməz problemlər yaradacaq. Mən də, uşaqlar da bunu istəmirik. Oğlum xaricdən zəng edib xahiş etdi ki, atası aclığı dayandırsın. Mən ona dedim ki, həbsinə etiraz olaraq mübarizə etmək istəyir, amma səhhəti ilə zarafat etmək olmaz. Ona sistem köçürəcəklərini dedim. Bildirdim ki, köçürülən sistemin necə olacağından narahatam. Onun tərkibi necə olacaq?" o qeyd edib.
Bununıla yanaşı, Fəridə xanım həyat yoldaşının aclığı dayandırıb-dayandırmayacağı barədə dəqiq bir söz deyə bilmir.
"Mən aclığı dayandırması ilə bağlı ailəmizin xahişini ona çatdırdım. O mənimlə razılaşdı. Amma aclığı dayandırıb-dayandırmayacağı barədə bir söz demədi", o qeyd edib.
Penitensiar Xidməti Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Nazim Bəydəmirli aclıq etməsi barədə Penitensiar Xidmətə müraciət etməyib.
İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Sentyabrın 1-də isə Nazim Bəydəmirlinin 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məclləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittiham irəli sürülüb.
İlkin olaraq Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.
"Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib", mətbuat xidməti bildirib.
İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.
Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.