"Müsəlman Birliyi" Hərəkatının fəalının apellyasiya şikayəti təmin edilməyib

Ağaəli Yahyayev (Mənbə: Facebook)

Sentyabrın 7-də Sumqayıt Apellyasiya Məhkəməsi hakim Rəşadət Ağayevin sədrliyi ilə "Müsəlman Birliyi" Hərəkatının İdarə Heyətinin üzvü, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan Ağaəli Yahyayevin apellyasiya şikayətini təmin etməyib. Apellyasiya Məhkəməsi Abşeron rayon Məhkəməsinin həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

Bu barədə Amerikanın Səsinə vəkil Zibeydə Sadıqova bildirib.

Onun sözlərinə görə, məhkəmə Ağaəli Yahyayevin polis şöbəsində işgəncəyə məruz qalması ilə bağlı vəsatətinin araşdırılması üçün Abşeron rayon Prokuroluğuna müraciət edib.

Yahyayevin bacısı Elnarə Eldar bildirib ki, Yahyayevi avqustun 31-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayıb və yerli polis bölməsinə aparıblar.

"Polkovnik rütbəli şəxs və digərləri 2 saata yaxın onu narkotik maddə saxlaması və satmasına dair maddəni boynuna götürməyi razı salmağa çalışıblar. Qardaşımın razı olmayacağını görüb ona işgəncə verməyə başlayıblar. Əllərini bağlayaraq bədəninə yumruqla zərbələr endiriblər, dəyənəklə ayağının altına vurublar. Bu zərbələrdən Ağaəlinin ayaqları şişib. İşgəncələrə baxmayaraq, Agaəli törətmədiyi cinayəti etiraf etməkdən imtina edib. Bundan sonra beysbol bitası ilə onu zorlayacaqları ilə hədələyiblər. Bundan sonra törətmədiyi cinayəti etiraf etməyə məcbur olub", o qeyd edib.

Vəkil Zibeydə Sadıqova deyib ki, Yahyayev kürəyindəki hematomaları, dabanlarındakı zərbə yerlərini ona göstərib.

Vəkil bildirib ki, Yahyayevin bədən xəsarətləri istintaq təcridxanasına daxil olduğu zaman da qeydə alınıb.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb. Bununla yanaşı Daxili İşlər Nazirliyi bir qayda olaraq işgəncə ilə bağlı deyilənləri təkzib edir və bu bəyanatların özünü müdsfiə məqsədi ilə verildiyini bildirir.

Yahyayev avqustun 31-də saxlanılıb. Ertəsi gün ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Ağaəli Yahyayevi 5 ildən 12 ilədək azadlıqdan məhrumolunma təhlükəsi gözləyir.

Ağaəli Yahyayev bundan öncə də həbsdə olub.

O, 2015-ci il noyabrın 26-da polisin Bakının Nardaran kəndində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb, 15 il həbsə məhkum edilib. 2021-ci ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə deyib ki, artıq bir neçə aydır inanclı şəxslərə qarşı repressiya siyasəti həyata keçirilir.

Your browser doesn’t support HTML5

Samir Kazımlı: Bir neçə aydır inanclı şəxslərə qarşı repressiya siyasəti həyata keçirilir

“Onlar həbs olunur. Hələ də bu həbs prosesi davam edir. Bütün tənqidlərə və iradlara baxmayaraq hakimiyyət bu siyasəti hələ də davam etdirir. Məntiqi izah da verilmir. Ortaya ciddi sübutlar da qoyulmur. Cəmiyyətdə belə bir fikir formalaşır ki, bu insanlar cinayət törətmir və bu insanları hansısa siyasətin qurbanı olur. Əsasən də İranla münasibtlər pisləşəndən sonra inanclı şəxslərə qarşı belə bir repressiya siyəsəti həyata keçirilmişdir”.

Hüquq müdafiəçisnin dediyinə görə, saxlanılan şəxslərə qarşı işgəncə və pis rəftar iddiaları irəli sürülür.

"Əvvəllər də hakimiyyət bu praktikadan istifadə edib. İnsanları həbs edib, onlara müxtəlif yollarla təzyiq edir ki, onlar o ittihamları qəbul etsin. İnsanlar da məcbur qalıb ittihamları qəbul edir. Sonradan dəfələrlə olub ki, məhkəmə prosesində işgəncə və pis rəftar nəticəsində ittihamları qəbul etdiyini və həmin ifadələrdən imtina etdiyini bildiriblər".

Kazımlı son illər vətəndaş cəmiyyəti nümayəndələrinə saxlanma yerlərində monitiorinq aparmağa imkan vermilmədiyindən təəssüflənir.

“Normal olaraq belə bir iddialar olanda vətəndaş cəmiyyəti nümayəndələri həmin şəxslərə baş çəkib, həmin şəxslərlə gizli görüşlər keçirib pis rəftara, işgəncəyə məruz qalmasını araşdırmalıdır. Amma bizim hakimiyyət buna imkan vermir. Vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırıb".

Onun sözlərinə görə, ölkədə insan hüquqları sahəsində ciddi problemlər qalmaqdadır.

"Təəssüf ki, Azərbaycan hakimiyyəti bu pozuntuları, səslənən problemləri aradan qaldırmaq əvəzinə, əksinə bunu davam etdirir. Bu da yaxşı hal deyil. Ölkənin imicinə zərbədir. Məncə hakimiyyət bu kimi hallardan əl çəkməlidir və insanlara işgəncə verənləri cəzalandırmalıdır", o belə düşünür.