Ədliyyə Nazirliyi Ağ Partiyanı və Vətəndaş Həmrəyliyi Partiyasını təkrar qeydiyyata alıb. Bununla da iqtidarda olan Yeni Azərbaycan Partiyası daxil olamq 3 siyasi partiya qeydiyyata alınıb.
Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, partiya 10 min üzvünün reyestr məlumatlarını Ədliyyə Nazirliyinə təqdim edib və ikinci cəhddə qeydiyyata alınıb.
2020-ci ilin may ayının 5-də Ağ Partiyası adı ilə qeydiyyata alınan partiya 1993-cü ildə əsası qoyulan Vahid Azərbaycan Partiyasının 2016-cı ildə adının dəyişdirilməsi ilə yaradılıb. Partiyanın sədri 2016-cı ildən Tural Abbaslıdır. Tural Abbaslı öncə Müsavat Partiyasının üzvü olub. O, 2016-cı ildə Müsavat Partiyasından istefa verib.
Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci ildə yaradılıb. Onun lideri Milli Məclisin deputatı Sabir Rüstəmxanlıdır.
Azərbaycan müstəqilliyini əldə etdikdən (18 oktyabr 1991-ci il) sonra 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Bunlardan 1993-cü ildə iki partiya məhkəmə qaydasında ləğv edilib. 2021-ci ildə 6 partiya iqtidarda olan Yeni Azərbaycan Partiyasının sıralarına qoşulduğunu bildirib. Bundan sonra qeydiyyatda olan 58 siyasi partiya var idi.
“Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra bu siyasi partiyalardan 31-i ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.
Qalan 27 siyasi partiya Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim edib. Onlardan indiyədək yalnız 3 siyasi partiya yenidən dövlət qeydiyyatına alınıb.