Accessibility links

Azərbaycanda 743 müəllimin əmək müqaviləsinə xitam verilib


Müəllim dərsdə (Mənbə: Elm və Təhsil Nazirliyi)
Müəllim dərsdə (Mənbə: Elm və Təhsil Nazirliyi)

Azərbaycanda təkrar sertifatlaşdırmadan keçə bilməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib.

Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, sertifikatlaşdırma prosesi 2022-ci ildə keçirilib və ondan keçə bilməyən müəllimlər bu il avqustun 29-da təkrar imtahana cəlb olunub.

Təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 1 939 müəllim iştirak edib. Onlardan 1 334 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak hüququ qazanıb.

Nazirlik bildirir ki, imtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 müəllim isə imtahanda iştirak etməyib.

“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü il tarixindən xitam verilməsi prosesinə başlanılıb”, məlumatda qeyd edilir.

Nazirlik bildirir ki, təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərdən sosial müdafiəyə ehtiyacı olanlarının müraciətləri xüsusi diqqətdə saxlanılacaq.

Əmək hüquqları üzrə ekspert Azər Quliyev Amerikanın Səsinə bildirib ki, “Əmək Məcəlləsi”ndə sertifikatlaşdırmadan keçməyən müəllim və həkimlərlə əmək müqaviləsinə xitam verilməsi norması var.

“Bu, hüquqi baxımdan nizamlanır. Amma qanunvericlik ədalət prinsipinə söykənməlidir. Yəni, ədalət baxımından 5 il, 10 il fəaliyyət göstərən, təcrübə toplayan, işini yerinə yetirən işçini, həmçinin müəllimi və həkimi yenidən sertifikatlaşdırmaya, attestasiyaya cəlb edib əmək müqaviləsinə xitam vermək ədalətli yanaşma deyil”, o qeyd edib.

Forum

XS
SM
MD
LG