Avqustun 29-da dövlət təqaüdçüləri Təbriz, Urmiyə, Qəzvin və Ərdəbil şəhərlərində tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq aksiya keçiriblər.
İranın digər şəhərlərində, o cümlədən Tehran, Şiraz, İlam, Yəzd, Sənəndəc və Kirmanşah şəhərlərində dövlət təqaüdçüləri Milli Pensiya Fondunun binası qarşısında etiraz aksiyaları keçirib, şüarlar səsləndiriblər.
Müəllimlər Həmkarlar İttifaqının Koordinasiya Şurasının Telegram kanalında yayımlanan videolarda Ərdəbilli təqaüdçülər Milli Pensiya Fondu binasının qarşısında keçirdiyi aksiyada fars dilində "məhbus müəllimlər azad olsun" şüarı səsləndiriblər.
Həmin gün Ərdəbilin müəllimlər həmkarlar ittifaqının üzvü Qulmarza Əsgəri təhlükəsizlik qüvvələri tərəfindən evində həbs edilərək naməlum yerə aparılıb.
İranda dövlət təqaüdçüləri hər çərşənbə axşamı etiraz aksiyası keçirərək hüquqlarının yerinə yetirilməsini tələb edir. Aksiyalar pensiya məbləğinin bərabərləşdirilməsi qanununun tətbiqi, tibbi sığortanın yaxşılaşdırılması və inflyasiya faizinə mütənasib pensiya məbləğinin artırılmasını tələb etmək məqsədi ilə keçirilir.
Hökumətə etiraz edən təqaüdçülərin tələbləri İran parlamenti tərəfindən təsdiq edilən, lakin hökumət tərəfindən icra olunmayan “Dövlət Xidmətlərinin İdarəetmə Qanunu”na əsaslanır və əslində təqaüdçülər qanunların tətbiq edilməməsinə etiraz edirlər.
İranda müxtəlif sektorlardan təqaüddə olan vətəndaşlar o cümlədən Telekommunikasiya Şirkətinin təqaüdçüləri aylardır ki, ölkənin bir çox vilayətində etiraz mitinqləri keçirməyə davam edirlər.
Ölkədəki ağır məişət şəraiti və təqaüdçülərin yetərsiz maaşları və sağlamlıq sığortası səbəbindən bu təbəqə İranda yüksək qiymətlər və inflyasiyadan ziyan çəkir.