Vərziqan yol qəzasında ölənlərin sayı 10 nəfərə çatıb

Vərziqan mikroavtobus qəzası

İran Azərbaycanının Vərziqan şəhərində mikroavtobusun aşması nəticəsində ölənlərin sayının 10 nəfərə çatdığı bildirilir.

Şərqi Azərbaycan vilayətinin təcili yardım xidmətinin sözçüsü Vəhid Şadiniyə rəsmi İRNA xəbər agentliyinə veridiy məlumata əsasən, Təbrizin İmam Rza xəstəxanasına yerləşdirilən qəza qurbanlarından daha 3 nəfər dünyasını dəyişib.

Qəza nəticəsində 7 nəfər hadisə yerində, daha 3 nəfər isə aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirildikdən sonra dünyasını dəyişib. Hazırda 8 yaralının xəstəxanalarda müalicəsi davam etdirilir.

Mikroavtobus sərnişinləri Vərziqan, Əhər və Təbriz xəstəxanalarına aparılıb, ölənlərdən ikisinin şəxsiyyəti hələlik məlum deyil.

SEE ALSO: İran Azərbaycanında 7 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Rəsmilərin dediyinə görə, mikroavtobusun sərnişinləri Eynalı adlı alpinist qrupunun üzvlərindən ibarət olub.

Rəsmilərdən heç biri hələ ki, hadisəyə münasibət bildirməyib və məsuliyyəti öz üzərinə götürməyib. Yalnız Vərziqan şəhərinin imamı cümə namazı xütbəsində səlahiyyətlilərdən mümkün qədər tez yeni yol çəkməyi xahiş edib.

Vərziqan-Əhər-Təbriz yolu İran Azərbaycanındakı ən təhlükəli yollarından biridir və bu yolda baş verən qəzalar nəticəsində hər il çoxlu sayda insan həyatını itirir.