Avqustun 25-də Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib xəsarət alıb.
Zərərçəkəndə “Sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları” xəsarəti qeydə alınıb.
Xəsarət alan şəxsin vəziyyəti stabildir. Həyatı təhlükəsi yoxdur.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, 2020-ci ilin noyabrından Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı minatəmizləmə əməliyyatları nəticəsində 81 min 386 hektar ərazi minalardan təmizlənib.
“Son 34 ayda 303 Azərbaycan vətəndaşı minaların və digər partlayıcı qalıqların qurbanı olub. Onlardan 57-si dünyasını dəyişib, 246 nəfər isə yaralanıb", o qeyd edib.
Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.
Ekspertlər azad edilmiş ərazilərdə yüz minlərlə mina və ya partlamamış hərbi sursat olduğunu guman edir.
ABŞ-ın Azərbaycandakı səfirliyi Twitter hesabında bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2020-ci ilin noyabr ayından Azərbaycanda münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb.
Həmçinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Twitter hesabında qeyd edib ki, Aİ Azərbaycanda minatəmizləməyə 8 milyon avro dəstək verib.