Avqustun 18-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə ilk köç karvanı yola salınıb.
Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir ki, Füzuli şəhərinə ilk olaraq 23 ailə - 90 nəfər daimi yaşamaq üçün yola salınıb.
Bu il avqustun 5-də Füzuli rayonunda yaşayacaq ilk 144 ailəyə (509 nəfər) püşkatma yolu ilə yeni tikilmiş evlər verilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək. Bundan öncə isə Laçın şəhərində 203 ailənin, yəni 793 nəfərin daimi məskunlaşması təmin edilib.
Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Amerikanın Səsinə deyib ki, 2023-cü ildə Füzuli şəhərinə 144, Laçın şəhərinə 700-dək ailənin köçürülərək daimi məskunlaşdırlması nəzərdə tutulur.
“İrəlidəki həftələrdə Laçın rayonunun Zabux kəndinə də qayıdış başlayacaq. Artıq Zabux kəndinə köçürüləcək ilk 20 ailə arasında mənzillərin bölgüsünə dair püşkatma aparılıb,” o qeyd edib.
Hüseynov bildirib ki, Şuşa şəhərinə də ilkin köç planlaşdırlır.
Komitə sədrinin müavini Ağdam və digər azad edilmiş yaşayış yerlərinə məcburi köçkünlərin köçürülməsinin 2025-ci ildə başlayacağını bildirib.
Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, son 3 ildə Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə 6,6 milyard ABŞ dollarından çox vəsait ayrılıb.
Bu il avqustun 17-də isə Prezident İlham Əliyev ehtiyat fondundan Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə 80 milyon manat vəsait ayırıb.
Rsmi məlumatlara görə, ölkədə 700 minədək məcburi köçkün var.