İran təhlükəsizlik qüvvələri azərbaycanlı şair Nigar Xiyavinin evində reyd keçirib

Güneyli şair və yazıçı Nigar Xiyavi

Təbrizdə təhlükəsizlik qüvvələri İran azərbaycanlı şair və yazıçının Təbrizdəki evinə basqın edərək onun evində reyd keçirib.

Nigar Xiyavinin qardaşı Rəhim Xiyavi özünün İnstagram səhifəsində avqustun 14-də təhlükəsizlik qüvvələrinin bacısının evinə hücumu barədə məlumat verib.

Kəşfiyyat agentləri Nigar Xiyavinin bəzi kitablarını və mobil telefonunu müsadirə ediblər.

Avqustun 15-də Nigar Xiyavi Kəşfiyyat İdarəsinə çağırıldığı və bir neçə saatlıq sorğu-suala çəkildikdən sonra sərbəst buraxıldığı bildirilir.

SEE ALSO: Güneyli yazıçı Rüqəyyə Kəbiri Kəşfiyyat İdarəsində dindirilib

Rəhim Xiyavi bacısının ürək xəstəliyindən əziyyət çəkdiyini və təhlükəsizlik qüvvələrinin nəzarətində olan bacısının səhhətindən narahat olduğunu bildirmişdi.

Digər İran Azərbaycanlı yazıçı Rüqəyyə Kəbiri də, təhlükəsizlik qüvvələri tərəfindən çağrılaraq Kəşfiyyat İdarəsinin təcridxanasında dindirilmişdi.

Bu yazarların təhlükəsizlik qüvvələri tərəfindən çağırılması, sorğu-sual edilməsi və hədələnməsi Urmiyə gölünü canlansırma üçün Şərqi Azərbaycan Valiliyi qarşısında bir sıra qadınların etiraz aksiyası keçirməsi ilə əlaqələndirilir.

İran Azərbaycanının Təbriz şəhərində qadınlar avqustun 14-də Şərqi Azərbaycan valiliyi binası qarşısında etiraz aksiyası keçirərək, Urmiyə gölünün canlandırılmasını tələb ediblər. Bundan daha əvvəl avqustun 12-də Azərbaycanlı qadınlar Təbrizdə Təbii Sərvətlər və Su Hövzələri İdarəsinin qarşısında toplaşaraq aksiya keçirmişdi.

Urmiyə gölünü xilas etmək üçün Şərqi Azərbaycan Valiliyi qarşısında etiraz aksiyası keçirən qadınların bir çoxunun kəşfiyyat agentləri tərəfindən çağırılıb və hədələndiyi ehtimal edilir. Bu barədə hələ ki, məlumat yayılmayıb.