"Biz Laçın dəhlizinin davamlı olaraq bağlanmasından, xüsusən də onun kommersiya, humanitar və şəxsi nəqliyyat vasitələri üçün bağlanmasından çox narahatıq".
Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel avqustun 15-də ənənəvi brifinqdə Turan agentliyinin sualının cavabında bildirib.
O hesab edir ki, bu cür humanitar hərəkətin dayandırılması, humanitar vəziyyəti daha da pisləşdirir və sülh prosesinə etimadın yaradılması istiqamətində davam edən səyləri sarsıdır.
“Ona görə də biz Azərbaycan hökumətini kommersiya, humanitar və şəxsi avtomobillərin bu dəhlizdən sərbəst keçidini bərpa etməyə çağırırıq. Biz onu da bilirik ki, çərşənbə günü Dağlıq Qarabağ məsələsini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının iclası olacaq və orada da növbəti müzakirələrin aparılacağını gözləyirik”, o qeyd edib.
ABŞ Birləşmiş Ştatların BMT-də bu məsələ ilə bağlı mövqeyi necədir? Hər iki tərəfə göndərəcəyiniz mesaj varmı Turanın sualına cavabında Vedant Patel bunları deyib.
“Mən görüşdən qabağa getməyəcəyəm, Lakin biz davamlı olaraq bu faktı vurğuladıq və təkrarladıq ki, bu uzun müddətdir davam edən münaqişənin həlli üçün birbaşa dialoq vacibdir. Biz inanırıq ki, Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirəcək istənilən öhdəlik irəliyə doğru müsbət addım olardı", Vedant Patel qeyd edib.
Rəsmi Bakı bununla bağlı hələlik mövqe bildirməyib.
İyulun 30-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbətində Qarabağda humanitar vəziyyəti müzakirə edib.
“Dünən mən Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsi ilə bağlı dərin narahatlığımızı bildirmək üçün Azərbaycan prezidenti Əliyevlə danışdım. Birləşmiş Ştatlar bütün tərəfləri davamlı sülh razılaşmasına nail olmaq üçün dialoqu davam etdirməyə təşviq edir”, Blinken iyulun 30-da Twitter səhifəsində qeyd edib.
ABŞ Dövlət Departamentinin açıqladığı məlumata əsasən, Blinken prezident Əliyevlə telefon danışığında Dağlıq Qarabağda humanitar vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib.
Dövlət katibi Blinkenin bütün tərəflərin sülh danışıqlarında müsbət tempi saxlamasının vacibliyini vurğuladığı qeyd edilir.
ABŞ Dövlət katibi bu ilin mayında və iyununda Birləşmiş Ştatların Virciniya ştatında Arlinqtonda Corc Şultz adına Xarici İşlər Milli Təlim Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqlarının iki raunduna ev sahibliyi edib.
Blinkenin sözlərinə görə, danışıqlarda gələcək sazişin bəzi maddələri razılaşdırılıb, həmçinin “bəzi həll edilməmiş məsələlər üzrə mövqelərin dərindən başa düşülməsinə” nail olunub.
İyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçin ilə görüşündə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xankəndinin erməni sakinlərinə yardımları çatdırmaq üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib. İyunun 26-da sərhəd buraxılış məntəqəsi yenidən açılıb.
Azərbaycan iyulun 11-də qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə Laçın sərhəd buraxılış məntəqəsindən keçidin müvəqqəti olaraq dayandırılması barədə məlumat yayıb.
İyulun 14-də Azərbaycan erməni sakinlərin zəruri qaydalara riayət etməklə tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin yenidən mümkün olduğunu, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırıla biləcəyini bildirib.
Bundan sonra Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.
Ermənistan hökuməti 26 iyul tarixində Qarabağdakı erməni əhaliyə humanitar yardım məqsədi ilə yük avtomobilləri göndərib.
Azərbaycan tərəfi isə öz ərazilərinə icazəsiz yük avtomobillərinin göndərilməsini təxribat adlandırıb və yük avtomobillərini buraxmayıb.
Yaranmış vəziyyətlə bağlı son günlərdə bir sıra ölkələr və beynəlxalq təşkilatlar bəyanat yayaraq narahatlıq ifadə ediblər.