AXCP beynəlxalq birliyi Azərbaycandakı rejimə qarşı tədbirlər görməyə çağırır

AXCP

“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) dünyanın demokratik kəsimini, beynəlxalq birliyi Azərbaycandakı getdikcə daha da sərtləşən avtoritar rejimə qarşı təcili qaydada təsirli cəza tədbirləri görməyə çağırır. İlham Əliyev rejimi Azərbaycanı inadla Şimali Koreya tipli bir ölkəyə çevirmək istəyir və buna yol verməmək həm də beynəlxalq birliyin öhdəsinə düşür”.

Bu barədə AXCP-nin "kuryerlərə və İşçi Masası fəallarına qarşı repressiyalarla bağlı" etiraz bəyanatında deyilir.

Sənəddə bildirilir ki, avqustun 1-dən bəri İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvlərinə qarşı repressiyaya başlanılıb.

“Səbəb onların mopedlərlə müştərilərə qida sifarişləri daşıyan kuryerlərin pozulan hüquqlarını müdafə etməsidir. Avqustun 1-də bir qrup kuryer idarə etdikləri mopedləri yol polislərinin saxlayaraq cərimə meydançasına aparmasına etiraz edib. Həmin etiraz aksiyasından dərhal sonra İşçi Masasının sədri Afiyəddin Məmmədov saxlanılıb və 30 sutka inzibati həbsə məhkum edilib. Sonrakı günlərdə isə İşçi Masası İdarə Heyətinin üzvləri Ayxan İsrafilov və Elvin Mustafayev narkotik maddələrin əldə edilməsi, saxlanılması və satışı ittihamı ilə həbs olunublar. İşçi Masası İdarə Heyətinin daha bir üzvü Orxan Zeynalov isə həbs olunmaqdan, onu təqib edənlərin əlindən qaçaraq yayına bilib və həbs təhlükəsi barədə sosial şəbəkə üzərindən məlumatlar yaydıqdan sonra Daxili İşlər Nazirliyi onun barəsində hər hansı icraat tədbiri olmadığı haqda açıqlama verib.

AXCP həbs edilən İşçi Masası üzvlərinə qarşı rəsmi ittihamları qurama hesab edir və həmin şəxslərin bilavasitə ictimai fəaliyyətlərinə görə hədəfə alındıqlarını bildirir.

“Sərt avtoritar mahiyyəti və repressiya vərdişləri ilə tanınan İlham Əliyev hakimiyyəti ölkədə onun nəzarətindən kənar hər cür təşkilatlanmaya və etirazlara böyük təhlükə kimi baxır. İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası da məhz işçilərin, konkret halda kuryerlərin hüquqlarını müdafiə edən müstəqil ictimai təşkilat olaraq hakimiyyətin qəzəbinə və hədəfinə tuş gəlib”, sənəddə qeyd edilir.

AXCP İşçi Masasına qarşı "hakimiyyətin repressiv münasibətini" kəskin şəkildə pisləyir, təskilatın həbs edilən üzvlərinə azadlıq tələb edir.

“AXCP hakimiyyətdən tələb edir ki, ölkədə müxalif və müstəqil ictimai-siyasi qüvvələrə qarşı düşmən münasibətə son qoysun. Son aylarda başda dünyaca məşhur professor, ADR partiyasının sədri Qubad İbadoğlu olmaqla, çox sayda siyasətçi və ictimai fəal, eləcə də dini etiqadlı şəxslər siyasi mülahizələrlə həbs edilib. Hazırda təkcə AXCP-nin həbsdə 8 fəalı var. AXCP bütün siyasi məhbusların təcili qaydada azadlığa buraxılmasını tələb edir”, bəyanatda qeyd edilir.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin onlar üçün yaratdığı problemlərlə bağlı bəyanat yayıb.

Qanuna edilmiş yeni dəyişikliyə görə mopedləri idarə etmək üçün sürücülük vəsiqəsi olmalı, nömrə nişanları alınmalı və mopedlər satış zamanı vergiyə cəlb edilməlidir. Bu tələbləri pozan kuryerlərin mopdeləri cərimə meydançalarına aparılıb. Kuryerlər satışdan vergi öhdəliyinə görə onların hər hansı günahının olmadığını, mopedlərin ehtiyat hissələri formasında gətirlilərək ölkədə yığıldığından qeydiyyatının olmadığını bildirib.

Avqustun 1-də bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib.

Aksiyadan sonra aksiyanın təşkilatçıları və fəal iştirakçısı olan iki nəfər narkotik ittihamı ilə həbs edilib. Daha bir fəal borc öhdəliyinə görə cərimə olunub. Fəallarıdan daha biri sosial şəbəkələrdə canlı yayımda izlənildiyini və narkotik ittihamı ilə tutulacağı halda günahkar olmadığını bildirib. Bundan sonra polis onun təqib olunmadığını və barəsində icraat aparılmadığını bildirib.

Son həbslərlə bağlı İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının bəyanatında deyilir ki, həbs dalğası davam edir və bu həbslər İşçi Masasının ən böyük kadr bazası olan kuryerlərin təşkilatlanmasına böyük zərbə vura bilər.

“Əziz işçilər və əməkçilər, ölkədə ilk dəfə müstəqil bir təşəbbüs kimi sizin, bizim, hamımızın hüquqları uğrunda mübarizə aparan bir qurum var və hazırda hakimiyyətin siyasi məngənəsində sıxılır. Sizləri İşçi Masasına qoşulmağa və sıralarımızı daha möhkəm saxlamağa dəvət edirik. Yalnız birgə fəaliyyətimiz bizi ayaqda saxlaya bilər”, sənəddə qeyd edilir.

Rəsmi qurumlar İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının fəallarının həbsini və saxlanılmasını təsdiq etsə də, təşkilatın siyasi bəyanatlarına hələ münasibət bildirməyib. Bununla yanaşı, rəsmi Bakı bir qayda olaraq tənqidləri qəbul etmir, insanların qanun qarşısında bərabər olduğunu, belə bəyanatların özünümüdafiə xarakteri daşıdığını bildirir.