ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Bujar Osmani avqustun 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ayrılıqda telefonla danışıb.
ATƏT-in məlumatında deyilir ki, nazir Osmani “Laçın dəhlizi ətrafındakı vəziyyətin mülki əhaliyə, xüsusilə həssas qruplara, o cümlədən qadınlara və uşaqlara təsirindən narahatlığını” ifadə edib.
Vəziyyəti diqqətlə izlədiyini vurğulayan ATƏT sədri münaqişədən zərər çəkmiş əhalinin xeyrinə davamlı həll yolları üçün konstruktiv və məhsuldar dialoqa çağırışını bir daha təkrar edib.
Osmani vurğulayıb ki, humanitar mülahizələr və insanların təcili ehtiyacları üstünlük təşkil etməlidir.
O, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və etimadın yaradılması üçün həll yollarının bir hissəsi kimi öz xeyirxah işlərini və ATƏT-in alətlərini və etimad quruculuğu tədbirlərini təklif edib.
“ATƏT-in fəaliyyətdə olan sədri Osmani hər iki nazirlə keçmiş görüşlərini və hər iki paytaxta səfərlərini xatırladaraq, tərəflərlə şəxsi və fəal əlaqələrini davam etdirməyə hazır olduğunu bildirib. Bu mənada o, ATƏT-in sədrli kimi problemi davamlı sülh yolu ilə həll etmək üçün dialoqu asanlaşdırmağa hazır olduğunu təkrarlayıb”, məlumatda qeyd edilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, nazir Ceyhun Bayramov “Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatların sülh prosesinin irəliləməsinin qarşısının alınmasına hesablandığını” diqqətə çatdırıb.
Rəsmi Bakı Yerevanın "blokada" iddiasını rədd edərək bunun bölgədə sabiltiiyn bərqərar olunmasına və Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyana qarşı yönəldiyini vurğulayıb. Azəırbaycan XİN təklif olunan “Ağdam-Xankəndi” yolunun fəaliyyətinə maneələr törədilməsini məsələnin humanitar yox siyasi xarakter daşımasına sübut kimi qiymətləndirib.
"Ermənistanın 30 ilə yaxın hərbi işğalının, post-münaqişə dövründə isə beynəlxalq hüquq normalarına və öhdəliklərinə zidd olaraq Laçın yolundan hərbi məqsədlər, təbii resurslarımızın Ermənistana daşınması, mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə etməsinin qəbuledilməzliyi, bu təxribatçı addımların qarşısının alınması üçün Laçın sərhəd buraxılış məntəqəsinin əhəmiyyəti nazir Bayramov tərəfindən qeyd olunub,” yayılan açıqlamada qeyd edilir.
Ermənistan Xarici İşlər Nazirliynin məlumatında deyilir ki, nazir Ararat Mirzoyan iyunun 15-dən “Dağlıq Qarabağda yaşayanların tam blokadada” olduğunu deyib.
“Dağlıq Qarabağa çıxışı olan yeganə beynəlxalq humanitar təşkilat, Beynəlxalq Qızıl Xaç Komitəsinin iyulun 25-dən humanitar fəaliyyətinə maneçilik törədilir. Tərəflər humanitar vəziyyətin yerlərdə təcili həll edilməsinin və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla birgə addımların atılmasının vacibliyini qarşılıqlı şəkildə vurğulayıb. Beynəlxalq tərəfdaşların Azərbaycana qarşı məqsədyönlü bəyanatlar verməsinin vacibliyini qeyd edən nazir Mirzoyan bu istiqamətdə ardıcıllığın və səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb,” nazirlik bildirir.
Azərbaycan bu il aprelin 23-də Ermənistanla sərhəddə “Laçın” sərhəd buraxılış məntəqəsini qurub. İyunun 15-də Ermənistan tərəfdən keçid məntəqəsi atəşə tutulub, Azərbaycanın bir sərhədçisi yaralanıb. Sərhəd buraxılış məntəqəsi bir müddət bağlanıb.
İyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçin ilə görüşündə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xankəndinin erməni sakinlərinə yardımları çatdırmaq üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib. İyunun 26-da sərhəd buraxılış məntəqəsi yenidən açılıb.
Azərbaycan iyulun 11-də qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə Laçın sərhəd buraxılış məntəqəsindən keçidin müvəqqəti olaraq dayandırılması barədə məlumat yayıb.
İyulun 14-də Azərbaycan erməni sakinlərin zəruri qaydalara riayət etməklə tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin yenidən mümkün olduğunu, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırıla biləcəyini bildirib.
Bundan sonra Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.
Ermənistan hökuməti 26 iyul tarixində Qarabağdakı erməni əhaliyə humanitar yardım məqsədi ilə yük avtomobilləri göndərib.
Azərbaycan tərəfi isə öz ərazilərinə icazəsiz yük avtomobillərinin göndərilməsini təxribat adlandırıb və yük avtomobillərini buraxmayıb.
Yaranmış vəziyyətlə bağlı son günlərdə bir sıra ölkələr və beynəlxalq təşkilatlar bəyanat yayayaraq narahatlıq ifadə ediblər. Azərbaycan Xarici İşlər Nazirliyi bu bəyanatların qərəzli və qəbuledilməz olduğunu bildirib.