Azərbaycan və İran xarici işlər nazirləri ikitərəfli və regional məsələləri müzakirə edib

Ceyhun Bayramov və Hüseyn Əmir-Abdullahian

İyulun 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələlər, eləcə də post-münaqişə dövründə bölgədə vəziyyət üzrə fikir mübadiləsi aparıblar.

Məlumatda deyilir ki, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşdən irəli gələn məsələlər müzakirə edilib, ümumilikdə son aylarda yüksək səviyyədə keçirilmiş görüşlərin və qurumlararası təmasların münasibətlərin inkişafı istiqamətinə verdiyi töhfə yüksək qiymətləndirilib.

Telefon danışığı zamanı, iqtisadiyyat və nəqliyyat sahəsində əldə edilmiş ikitərəfli və regional razılıqların icrasının vacib olduğu bildirilib.

“Ceyhun Bayramov Azərbaycanın post-münaqişə dövründə atdığı addımlardan bəhs edib. Bununla yanaşı, son zamanlar Laçın yolu ətrafında və bölgədə humanitar vəziyyət ilə bağlı yayılan iddiaların siyasi manipulyasiyadan başqa bir şey olmadığı diqqətə çatdırılıb. Ermənistan tərəfinin bölgədə təxribatlara son qoymasının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə sözdə və əməldə hörmət etməsinin zəruri olduğu vurğulanıb”, Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edir.

İslam həmrəyliyi məsələsinə toxunan nazir Ceyhun Bayramov həmçinin son zamanlar bəzi Skandinaviya ölkələrində Qurani Kərimə qarşı baş verən nalayiq hərəkətlərin Azərbaycan tərəfindən qətiyyətlə pisləndiyini, bu kimi İslam dinini hədəfləyən addımlardan çəkinmənin vacib olduğunu diqqətə çatdırıb.

Azərbaycanla İran arasında ikitərəfli gündəlikdə duran bəzi açıq məsələlərin həll edilməsinin vacib olduğu bildirilib.

İran Xarici İşlər Nazirliyi twitter hesabında bildirib ki, İran və Azərbaycanın xarici işlər nazirləri regional məsələləri müzakirə edib.

“İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli əməkdaşlıq və regional proseslərə dair əsas məsələləri müzakirə edib və fikir mübadiləsi aparıb”, məlumatda deyilir.

İkinci Qarabağ müharibəsindən sonra (sentyabr-noyabr, 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon dasnışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə deyib ki, münasibətlərdəki ziddiyyətlərin aradan qaldırılması üçün İran tərəfindən hər hansı ciddi addım atılmayıb.

“İran tərəfi Azərbaycana vəd verib ki, Azərbaycanın Tehrandakı səfirliyinin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək və səfirliyə hücum edən şəxsi sərt cəzalandıracaq. Hələ ki, nə səfirliyə hücum edən şəxs cəzalandırılıb, nə də səfirliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı ciddi addım atılmayıb. Bundan əlavə, Azərbaycan tərəfi səfirliyə silahlı hücumu terror hadisəsi kimi, İran tərəfi isə məişət hadisəsi kimi dəyərləndirir. Digər tərəfdən, münasibətlər İran tərəfindən gərginləşdirilib. Ona görə də İran münasibətləri gərginləşdirən amilləri aradan qaldırmalıdır. Bu amillər aradan qaldırılandan sonra münasibətlər normallaşa bilər, diplomatik münasibətlər də əvvəlki məcrasına qayıda bilər”, ekspert qeyd edib.