Jurnalistləri Müdafiə Komitəsi Avropa Məhkəməsinin Emin Hüseynovla bağlı qərarını alqışlayıb

Jurnalistləri Müdafiə Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin jurnalist və hüquq müdafiəçisi Emin Hüseynovla bağlı çıxardığı qərarı alqışlayıb. Məhkəmə 13 iyul tarixli qərarında Azərbaycan hakimiyyətinin 2015-ci ildə Emin Hüseynovu vətəndaşlıqdan çıxarmasını qanunsuz hesab edib.

“Biz Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan hakimiyyətinin jurnalist Emin Hüseynovu vətəndaşlıqdan çıxararkən onun hüquqlarını pozduğunu tanımasını alqışlayırıq. Bununla belə, biz təəssüf edirik ki, məhkəmə Hüseynovun bütün şikayətlərini təmin etməməklə hakimiyyətin hərəkətlərinin siyasi və qisas xarakterli olduğunu vurğulamayıb”, Komitənin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said bildirib.

“Beynəlxalq qurumlar müstəqil jurnalistikaya qarşı davam edən repressiyalarına görə Azərbaycan hakimiyyətini məsuliyyətə cəlb etməyə davam etməlidir”, o əlavə edib.

SEE ALSO: Avropa Məhkəməsi Emin Hüseynovun vətəndaşlıqdan məhrum edilməsini qanunsuz hesab edib

Hazırda İsveçrənin Cenevrə şəhərində yaşayan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri, jurnalist Emin Hüseynova qarşı 2014-cü ilin iyul ayında qanunsuz sahibkarlıq, vergidən yayınma kimi maddələrlə cinayət işi açılıb. Barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edildikdən sonra Emin Hüseynov 10 ay müddətində İsveçrənin Bakıdakı səfirliyinə sığınıb. Səfirlikdə gizləndiyi dövrdə İsveçrə hökuməti Emin Hüseynova qarşı təqiblərin dayandırılması ilə bağlı danışıqlar aparıb və Hüseynov 2015-ci ildə Azərbaycanda səfərdə olan İsveçrənin Xarici İşlər Nazirinin təyyarəsi ilə Azərbaycanı tərk edib. Jurnalist ölkəni tərk etməzdən əvvəl Azərbaycan vətəndaşlığından məhrum edilib.

Hüseynov vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı 2015-ci ildə AİHM-ə müraciət edərək Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci (Şəxsi həyata hörmət hüququ), 10-cu (İfadə azadlığı), 13-cü (Effektiv hüquqi müdafiə vasitəsi hüququ) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri əsasında iddia qaldırıb.

AİHM Palatası iyulun 13-də ərizəçinin 8-ci maddə ilə qorunan şəxsi həyata hörmət hüququnun pozulmasına qərar verib və 4500 avro kompensasiya təyin edib. Məhkəmə, həmçinin, Azərbaycan dövlətinin Konvensiyanın 34-cü və 38-ci maddələri ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi qənaətinə gəlib. Ancaq Məhkəmə Hüseynovun Konvensiyanın 10, 13 və 18-ci maddələri üzrə iddialarını araşdırmağa ehtiyac görmədiyini qeyd edib.

Hazırda vətəndaşlığı olmayan şəxs statusu daşıyan Emin Hüseynov iddia qaldırdığı digər maddələr üzrə Məhkəməyə yenidən müraciət edəcəyini bildirib.