Accessibility links

Avropa Məhkəməsi Emin Hüseynovun vətəndaşlıqdan məhrum edilməsini qanunsuz hesab edib


Emin Hüseynov
Emin Hüseynov

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyulun 13-ü elan etdiyi qərarında jurnalist Emin Hüseynovun Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilməsini qanunsuz hesab edib.

Hazırda İsveçrənin Cenevrə şəhərində yaşayan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri, jurnalist Emin Hüseynova qarşı da 2014-cü ilin iyul ayında qanunsuz sahibkarlıq, vergidən yayınma kimi maddələrlə cinayət işi açılıb. Barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edildikdən sonra Emin Hüseynov 10 ay müddətində İsveçrənin Bakıdakı səfirliyinə sığınıb. Səfirlikdə gizləndiyi dövrdə İsveçrə hökuməti Emin Hüseynova qarşı təqiblərin dayandırılması ilə bağlı danışıqlar aparıb və Hüseynov 2015-ci ildə Azərbaycanda səfərdə olan İsveçrənin Xarici İşlər Nazirinin təyyarəsi ilə Azərbaycanı tərk edib. Jurnalist ölkəni tərk etməzdən əvvəl Azərbaycan vətəndaşlığından məhrum edilib.

Hüseynov vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı 2015-ci ildə AİHM-ə müraciət edərək Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci (Şəxsi həyata hörmət hüququ), 10-cu (İfadə azadlığı), 13-cü (Effektiv hüquqi müdafiə vasitəsi hüququ) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri əsasında iddia qaldırıb. Məhkəmədə Hüseynovun hüquqlarını Açıq Cəmiyyət Fondunun Ədalət Təşəbbüsünün (Open Society Justice Initiative) hüquqşünasları müdafiə edib.

AİHM Palatası iyulun 13-də ərizəçinin 8-ci maddə ilə qorunan şəxsi həyata hörmət hüququnun pozulmasına qərar verib və 4500 avro kompensasiya təyin edib. Məhkəmə, həmçinin, Azərbaycan dövlətinin Konvensiyanın 34-cü və 38-ci maddələri ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi qənaətinə gəlib. Ancaq Məhkəmə Hüseynovun Konvensiyanın 10, 13 və 18-ci maddələri üzrə iddiaları araşdırmağa ehtiyac görmədiyini qeyd edib.

Qərarla bağlı Amerikanın Səsinə danışan Emin Hüseynov onun vətəndaşlıqdan məhrum edilməsinin Konvensiya ilə yanaşı Azərbaycan Konstitusiyasının, habelə Azərbaycan tərəfdar olduğu beynəlxalq normativlərə zidd olduğunu deyib. Hələ vətəndaşlığı olmayan şəxs statusu daşıyan Hüseynov iddia qaldırdığı digər maddələr üzrə Məhkəməyə yenidən müraciət etməklə bağlı vəkilləri ilə məsləhətləşdikdən sonra qərar verəcəyini deyib.

Konvensiyanın 43-cü maddəsinə əsasən, Palatanın qərar çıxarmasından sonrakı üç ay ərzində, iş üzrə istənilən tərəf, müstəsna hallarda, işin baxılmaq üçün Böyük Palataya verilməsi barədə ərizə verə bilər. Əgər iş Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və ya tətbiqinə dair ciddi məsələ qaldırsa, Böyük Palatanın beş hakimdən ibarət kollegiyası ərizəni qəbul edir. Kollegiya ərizəni qəbul edərsə, Böyük Palata işlə bağlı yekun qərar çıxarır.

XS
SM
MD
LG