Təbriz millət vəkili əxlaq polisinin küçələrə qayıtmasına reaksiya verib

Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan əxlaq polisinin küçələrə qayıtması xəbərinə reaksiya olaraq öz tənqidlərini bildirib və bəyan edib ki, bu, cəmiyyətdə gərginliklərə səbəb olacaq.

Məsud Pezeşkiyan əxlaq polisinin geri qaytarılması ilə bağlı israrları tənqid edib və bunun cəmiyyətdə ixtilafları artıracağını deyib. O həmçinin bildirib ki, bir qrup cəmiyyətdə başqalarının onların zövqünə və fikrinə uyğun davranmasında israrlıdır.

İranda əxlaq polisi "İrşad patrulu" kimi tanınır. Təbriz millət vəkili Didbaniran saytı ilə söhbətdə bu polis qüvvələrinin adını da tənqid edərək, “Əsasən İrşad patrulunun adı uyğun deyil; hidayət anlamına gələn irşad patrulu insanları tutur həbs və cərimə edir. Onlara başqa ad versinlər və desinlər ki, bundan sonra bu adamları həbs edəcəyik, amma deməsinlər ki, biz onları irşad edirik”.

“Cəmiyyətdə bəzi insanlar başqalarının öz istədikləri kimi olmasına israr edir, bəziləri isə bu qrupa qarşıdır və onların zövqünə və fikrinə uyğun davranmaq istəmir”- millət vəkili bildirib.

SEE ALSO: İranın “əxlaq polisi” qayıdır

O hesab edir ki, bu vəziyyət ölkə üçün zərərlidir və bu israr və gərginlikdən uzaqlaşmaq daha yaxşıdır.

Pezeşkiyan həmçinin İLNA xəbər agentliyinə müsahibəsində də hökumətin məcburi hicab məsələsinə yanaşmasını tənqid edərək, hicabı bir "davranış" olaraq qiymətləndirib və insan davranışının qanunlarla dəyişdirilə bilməyəcəyini irəli sürüb.

Keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan keçmişdə peyklərin qadağan edilməsini misal çəkərək, əvvəllər “haram” elan edilən bir çox şeyin zamanla dəyişdiyini bildirib. O, hicab məsələsinində də bənzər dəyişiklik olacağını söyləyib.

İyulun 16-da İran polisinin sözçüsü Səid Müntəzir əl-Mehdi əxlaq polisinin ictimai tələb əsasında küçələrə qaytarıldığını bildirib. O, şəhərlərdə avtomobil və piyada patrulların yerləşdiriləcəyini açıqlayıb. İranda İrşad patrulu kimi tanınan əxlaq polisi ölkədə təxminən 4 ay davam edən kütləvi etirazlardan sonra fəaliyyətini azaltmışdı.

Qadınlar Tehranda baş örtüyü olmadan küçədə gəzirlər

Müşahidəçilər bildirirlər ki, Məhsa Əmininin ölümündən sonra ölkədə baş verən son etiraz aksiyalarından sonra saçlarını örtməkdən imtina edən qadın və qızların sayı artıb. Bəzi təhlilçilər İran şəhərlərində qadınların bu hərəkətini məcburi hicab qanununa qarşı vətəndaş itaətsizliyi kimi qiymətləndirir.