Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan İran mediası ilə söhbətində bu yaxınlarda ölkə polisinin ölkədə baş örtüsü qaydalarına əməl etməyən qadınlara qarşı tətbiq etdiyi planı tənqid edib.
Bu millət vəkili məcburi hicab qaydalarına əməl etməyən qadın və qızlarla bağlı polisin yeni mübarizə planı barədə xəbərdarlıq edib və bildirib ki, "həbs etməklə mədəniyyət məsələsini həll etmək olmaz".
Bu yaxınlarda İran polisinin rəisi Əhmədrza Radan, məcburi hicab qaydalarına əməl etməyən qadınlarla mübarizə üçün yeni planın həyata keçirildiyini açıqlayıb və bildirib ki, bu planda polis baş örtüsü qaydalarına əməl etməyən qadınların qabaqcıl texnologiya, avadanlıq və kameralardan istifadə edərək şəxsiyyətini müəyyənləşdirəcək.
Əhmədrza Radan bu kameraların səhv etmə ehtimalı olmadığını vuğulayıb. Ölkə plois başçısının kameraların dəqiqliyi barədə dediyi həmin sözü mübahisələrə yol açıb.
Aprelin 15-dən başlayan polisin bu planında İran İslam Respublikası tərəfindən təsdiq edilmiş məcburi örtünmə qaydalarına əməl etməyən qadınlar şəhər kameraları vasitəsilə müəyyən edilərək sənədlərlə birlikdə məhkəmə sisteminə göndəriləcək və məhkəmə həmin şəxslərə qarşı hökm verəcək.
İran parlamentinin üzvü Məsud Pezeşkiyan polisin bu yeni planını tənqid edib və bildirib ki, "Bəzi yerlərdə kameraları ola bilər, lakin onlar [hər yeri] tam əhatə edə bilməz və onlarla mübarizə apara bilməz. Bu metodun işləməsi ehtimalı azdır."
Reformist siyasətçi, ölkədə hicab məsələsini "mədəniyyət və inanc məsələsi" kimi qiymətləndirib və polisin monitorinqi ilə bunun uğurlu alınmayacağını iddia edib.
O, həmçinin İran hökumətinin ölkədə məcburi örtünmə və buna bənzər qanunların tətbiqində israrlı olması üç nəticəyə gətirib çıxaracağını söyləyib: "qəlbləri qaraldıb dini zəiflədib, etibarsızlaşdıracaq, dəyişiklikləri və inqilabları yaxınlaşdıracaq."
İran İslam Respublikasının polis rəisinin sözlərinə görə, bu yeni polis planında hicabsız qadınlarla fiziki qarşıdurma olmayacaq.
Məhsa Əmini adlı gənc qadının məcburi hicab qaydalarına əməl etmədiyi üçün əxlaq polisi qüvvələri tərəfindən həbs edildikdən sonra bu qüvvələrin zorakılığı nəticəsində sentyabrın 16-da həyatını itirib. Həmin hadisədən sonra ölkənin bir çox şəhərində hökumətə qarşı 3 aydan çox müddətində davamlı etiraz aksiyaları keçirilib. Həmin etirazlar fonunda və ondan sonra İranın müxtəlif şəhərlərində məcburi örtünmə qaydalarına əməl etməyən qadınların və qızların sayının çoxaldığı müşahidə olunsa da, İran hakimiyyəti məcburi hicab qanununu tətbiq etməkdə israrlı olub.