Accessibility links

Təbriz təmsilçisi Məsud Pezeşkiyan ölkədə yeni etiraz dalğasının başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib


Masud Pezeshkian
Masud Pezeshkian

Təbrizin İran parlamentindəki nümayəndəsi son müsahibəsində ölkədə yeni etiraz və tətil dalğasının yarana bilməsi ilə bağlı xəbərdarlıq edib. Onun bu sözləri ölkə və müxalifət mediasında geniş əksini tapıb.

Məhəmməd Xatəmi hökumətinin keçmiş səhiyyə naziri və Təbrizin İran parlamentindəki deputatı Məsud Pezeşkiyan İran İslam Respublikasındakı “ekstremist cərəyanlarla” bağlı mövqeyini bildirib və iddia edib ki, sistemdə olan “bəzi ekstremistlər, xalqın pis iqtisadi vəziyyəti və məişət böhranını görməzlikdən gələrək, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) danışıqlarının nəticələnməsinə mane olurlar”.

Məsud Pezeşkiyan deyib ki, onlar parlament, hökumət və məhkəmə mərkəzləri də daxil olmaqla sistemin bütün orqanlarını birləşdirmək üçün indiyədək ciddi səy göstəriblər. Lakin onun fikrincə, “ekstremist cərəyan bu hədəfinə nə qədər də nail olmuş olsa da, bu metod problemlərin həlli üçün kifayətsiz qalır”.

“Əgər biz ölkədə mövcud olan hazırkı problemləri həll edə bilməsək, məncə, iş axını kritik və təhlükəli mərhələyə çata bilər”- deyə, deputat bildirib.

O, fikrini izah edərək deyib ki, “hər halda, tətillər və etirazlar baş tutacaq. Nəhayət, bu şəkildə davam etmək mümkün deyil.”

İslahatçı siyasətçi Məsud Pezeşkiyan ilk dəfə deyil ki, İran cəmiyyətində dərin narazılıqlar barədə xəbərdarlıq edir. Mötədil hökuməti ilə tanınan Həsən Ruhaninin prezidentliyi dövründə də o, dəfələrlə etirazların formalaşmasından, cəmiyyətdə dərin narazılığın mövcudluğundan danışmışdı.

Duman Radmehr
Duman Radmehr

Amerikanın Səsinə danışan İsveçdə yaşayan azərbaycanlı siyasi fəal Duman Radmehr Məsud Pezeşkiyanın sözlərinin “yeni bir şey ifadə etmədiyini” hesab etdiyini bildirib. “Bundan əvvəl də etirazlar, tətillər olub və biz İranda yenidən etirazlara şahid olacağıq, çünki populist sözlər və vədlər xalq tərəfindən artıq qəbul edilmir,” Duman Radmehr deyib.

“İslam Respublikası hökumətində etnik və dini qruplar və qadınlar arasında narazılıq həmişə olub, lakin iqtisadi vəziyyətin pisləşməsi və insanlar arasında vəziyyətin yaxşılaşmasına dair ümidsizliyin yayılması, xalqa küçələrdə etiraz etməkdən başqa çarə qoymur”-deyə, siyasi şərhçi qeyd edib.

Duman Radmehr deputatın hökumətə qarşı hər zaman tənqidi yanaşmasının səbəblərini izah edib. “O, hər halda Təbriz xalqının nümayəndəsidir. Təbrizlilərin ruhu həmişə mərkəzi hakimiyyətə qarşı narazı və tələbkar olub. Pezeşkiyanı tənqidi yanaşmaya vadar edən səbəblərdən biri də təbrizlilərin ruhudur. Beləliklə, o ona səs verən təbrizlilərin razılığını qazanmaq istəyir”.

O, Məsud Pezeşkiyanın ölkə idarəçiliyinin vəziyyətinə tənqidi yanaşmasının ikinci səbəbini izah edərkən onun bir “reformist siyasətçi” olduğuna toxunaraq, “deputatın sistemdə dəyişikliklərə ehtiyac olduğunu dərk etdiyini” vurğulayıb.

“Məncə, Pezeşkiyan bilir ki, rejimin əsas problemi onun ideoloji, avtoritar və diktatura olmasıdır. O bilir ki, rejimin bu diktatura quruluşu aradan qaldırılmasa, bir çox problemlər həll olunmayacaq. Amma digər tərəfdən də hakimiyyətin köklü problemindən danışa bilmədiyini, çünki bu halda o, Təbrizin keçmiş nümayəndəsi Əkbər Ələmi kimi siyasət meydanından uzaqlaşdırıla biləcəyini başa düşür. Ona görə də söylədiyi tənqidi sözlərlə populyarlığını qorumağa çalışır, mübahisələrində arabir verdiyi xəbərdarlıqlarla sistemin içincə reformların aparılması zəruriliyini rejim başçılarına çatdırır”- deyə, o əlavə edib.

Duman Radmehr hesab edir ki, Pezeşkiyan kimi şəxslərin İran İslam Respublikasının “güc sistemində yüksəlmə şansı yoxdur” və buna görə də o, “imkan daxilində sistemdə dəyişikliklər etməyə” çalışır. Onun dediyinə görə, Pezeşkiyan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) danışıqlarının uğurla yekunlaşdırılmasını “ölkədə dəyişiklik və islahatlara nail olmaq üçün ən səmərəli yollardan biri” hesab edir.

Mahmud Bilgin
Mahmud Bilgin

Digər tərəfdən, güneyli siyasi fəal Mahmud Bilgin Təbriz millət vəkilinin son verdiyi xəbərdarlığı İbrahim Rəisinin son açıqlamaları ilə bağlı“ yaxın gələcəkdə bəzi zəruri ərzaq məhsulları və enerji daşıyıcılarının qiymətinin artırılması ilə” əlaqələndirir. Mahmud Bilgin qiymət artımının qarşıdan gələn payızda İranda “etiraz aksiyaları ehtimalını artıracağını” proqnozlaşdırdığını və bu səbəbdən də Pezeşkiyanın sözlərini Qərblə danışıqlarının “uğurla yekunlaşdırılması və bununla da vəziyyətin yaxşılaşdırılmasının zəruriliyi ilə bağlı rejim liderlərinə xəbərdarlıq olaraq“ dəyərləndirdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG