Accessibility links

Təbrizli parlamentar: Uçurumun kənarındayıq, ölkədə birlik yaratmalıyıq


İran İslam Respublikası Parlamenti
İran İslam Respublikası Parlamenti

Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan İslam Respublikasının xarici və daxili siyasətini tənqid edərək hakimiyyətin uçurumun kənarında olduğunu iddia edib.

Təbrizin parlamentdə hazırkı deputatı və keçmiş səhiyyə naziri Pezeşkiyan İranın yarı-rəsmi İLNA (Iranian Labour News Agency) xəbər agentliyi ilə müsahibəsində ölkənin iki əsas daxili və xarici problemi olduğunu və bunları həll etmək üçün daxildə birlik yaratmağı və dünya ölkələri ilə münasibətlərdə mülayimliyi təklif edib.

O, İslam Respublikasının daxili siyasəti ilə bağlı ölkədəki etnik qruplar məsələsinə işarə edərək, "biz uçurumun kənarındayıq, daxili birlik və vəhdət yaratmalıyıq" deyib. Pezeşkiyan sözünü davam edərək, "daxili birlik və vəhdət bir qrupa bir cərəyanan aid deyil; ölkənin bütün xalqına, yəni kürdlərə, türklərə, lurlara, giləklərə, bəluçlara, ərəblərə, farslara, yəni bütün xalqa məxsusdur" - deyə, qeyd edib.

İran parlamentinin deputatı İslam Cümhuriyyətinin problemlərdən çıxış yolunun Quranda qeyd olduğunu iddia edərək, ölkə daxilində müəyyən bir cərəyanı və müəyyən düşüncəni qəbul edib, özümüzü xalqdan saydığımız zaman bu hərəkətin Quranda qeyd olan sözlərlə təzadlı olub ölkəni "uçurumun kənarına" götürdüyünü bildirib. Çox güman ki, bu sözlərlə o, cəmiyyətdə müxtəlif düşüncələrin mövcudluğunun vacibliyinə işarə edir.

O, həmçinin İranın xarici siyasətində dünya ilə mülayim siyasət yürütməyin əhəmiyyətindən danışıb.

"Biz dünya ilə tolerant olmalıyıq, hamını söymək olmaz. Bütün günü söyüş söyürük. Ölüm olsun deyirik. Onlar da bizə ölüm olsun deyəcəklər" , deputat bildirib.

İranda gənc qız Məhsa Əmininin ölüm səbəbinin aydınlaşdırılmaması və araşdırılmaması ilə bağlı hökumətin və əxlaq polisinin fəaliyyətini tənqid edənlərdən biri də Məsud Pezeşkiyandır. O, dəfələrlə müsahibələrində iddia edib ki, əgər gənc qızın ölümünün ilk anlarında istintaq işləri aparılıb aydınlaşdırması üçün bir komitə yaradılsaydı, ölkədə genişmiqyaslı etirazlar baş qaldırmazdı.

XS
SM
MD
LG