Accessibility links

Təbrizli deputat vilayətlərə məxsus səlahiyyətlərin artırılmasını tələb edir


Arxiv fotosu: Təbrizin Saat Meydanı (AFP)
Arxiv fotosu: Təbrizin Saat Meydanı (AFP)

İran parlamentindəki Təbriz deputatı Məsud Pezeşkiyan ölkənin idarə üsulunu və İbrahim Rəisi hökumətinin bir illik idarəçiliyini tənqid edib.

Təbrizin İran parlamentindəki nümayəndəsi və sabiq prezident Məhəmməd Xatəmi hökumətindəki səhiyyə naziri “Khabaronline” saytı ilə müsahibəsində Tehrandan vilayətləri idarəetmə məsələsi ilə bağlı tənqid edib və deyibki, “biz Tehranda oturub və şəhərlərin işlərinə müdaxilə edirik ki, bu bir idarəçilik problemidir.”

İran parlamentinin bu üzvünün sözlərinə görə, müxtəlif ölkələrin nazirliklərinin idarə sistemi elədir ki, vilayətlər vilayət müdirləri tərəfindən idarə olunur və mərkəzi hökumət bu işlərə qarışmır.

O, vilayətlərin səlahiyyətlərinin artırılmasını tələb edərək deyib ki, “əyalət və şəhərə səlahiyyət verilməli və təlimatlar əsasında məsuliyyət tələb edilməlidir.”

Pezeşkiyan həmçinin İbrahim Rəisi hökumətinin ölkəni idarə etmə tərzini ciddi şəkildə tənqid edərək, həyata keçirilən bu prosesin idarəçilik olmadığını iddia edib. “İdarəçilik səlahiyyət vermək və verilən səlahiyyətlərin təqibi deməkdir.”-deyə deputat əlavə edib.

İranın siyasi idarəetmə sistemi unitar hökumət sistemi əsasları üzərində qurulub və bir çox kiçik və böyük qərarlar paytaxtda qəbul edilir və vilayətlərə çatdırılır. Bir çox hallarda bu sistem ölkənin valiləri və bəzi məsulları tərəfindən tənqid edilib, belə ki, Şərqi Azərbaycan valisi cənab Abidin Xürrəm daxili işlər nazirinin iştirakı ilə keçirilən iclasda səlahiyyətlərinin məhdud olduğunu tənqid edərək vilayətin idarə sahəsi və səlahiyyətlərinin artırılmasını tələb etmişdi. Hazırkı validən öncə Ruhani dövlətinin Şərqi Azərbaycandakı valisi də valini “işgötürən” kimi dəyərləndirib məhdudiyyətləri tənqid etmişdi.

İranın keçmiş səhiyyə nazirinin ölkənin mərkəzləşdirilmiş hökumət sistemini tənqid etməsi ilk dəfə deyil. 2018-ci ildə yerli media ilə müsahibəsində ölkəni əyalət üsulu ilə idarə etməyin zəruriliyindən danışıb. Onun sözləri o zaman bəzi qəzetlər və xəbər saytlarında reaksiya dalğasına səbəb olmuşdu. O, bu təklifi irəli sürməyin səbəbini açıqlayarkən, ölkənin regionlarında qeyri-bərabər inkişaf probleminin həlli və korrupsiyanın qarşısının alınmasının mümkünlüyünü qeyd etmişdi.

“Qanun” Qəzeti “Federalizm bəhanəsi ilə etnikizmi təbliğ etmək” başlığı altında bir məqalə yayımlayaraq, Məsud Pezeşkiyanı etnosentrizmi qızışdırmaq xəttinə xidmət etməkdə ittiham etmişdi.

Həmin istiqamətdə İranda reformist cərəyanına yaxınlıqla bilinən Pezeşkiyan, Mahmud Əhmədinejadın vilayət səfərlərindən sonra ən çox vilayət səfərləri həyata keçirən hazırkı prezident İbrahim Rəisinin ölkə idarəçiliyini yanlış hesab edərək, qeyd edib ki, “hökumətin vilayətlərə səfər edərək insanlarda ümid yaradır, lakin reallıq budur ki, hökumətin pulu yoxdur.”

O, Mahmud Əhmədinejad və İbrahim Rəisinin əyalət səfərlərinin sayını müqayisə edərək, Əhmədinejadın imzalarının sayını hazırkı hökumətin imzalarından çox olduğunu, lakin bu layihələrin əksəriyyətinin maliyyələşdirmə problemi üzündən hələ də yarımçıq qaldığını söyləyib.

XS
SM
MD
LG