Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində Vaqner qiyamının Rusiyanın siyasi həyatına, o cümlədən Cənubi Qafqazda Rusiyanın xarici siyasətinə təsirlərindən danışıb.
Amerikanın Səsi: Rusiyada son zamanlar baş verən hadisələr və xüsusilə özəl hərbi şirkət olan Vaqner qiyamından sonra yaranan durum Rusiyanın siyası gələcəyinə necə təsir edəcək? Sizcə yaxın zamanlarda Rusiyanın siyasi həyatında kəskin dəyişikliklər mümkündürmü?
İsa Qəmbər: Putinin öz etiraflarından da bəlli oldu ki, Vaqner şirkəti Rusiya dövləti tərəfindən maliyyələşdirilib. Yəni, əslinə qalsa bu özəl şirkət deyil. Rusiyanın aqressiv xarici siyasətini həyata keçirmək üçün bir cinayətkar alətdir. O ki qaldı Vaqnerin hərəkətlərinin göstərdiyi təsirlərə, əslinə qalsa son 10-15 ildə Rusiya korrupsioner və avtoritar Putin rejiminin fəaliyyəti nəticəsində dərin bir böhran içindədir. Ölkədəki aqressiv repressiyalar, monopoliya və rüşvətxorluq, ölkə xaricində çox qəddar bir avantürist bir siyasət aparırlar. Nəticədə Rusiya 15 ildən artıqdır ki, dərin bir böhran içindədir. Ukraynaya qarşı bunların başladığı cinayətkar siyasi savaş isə bu böhranı daha da kəskinləşdirdi, Putin rejimini və Rusiya dövlətini zəiflətdi. Sadəcə olaraq Vaqner şirkətinin, Priqojinin qiyam cəhdi Rusiyanın bu zəifliyini ifşa etdi. Rusiya özü də gördü, bütün dünya da gördü ki, Rusiya çox zəif bir dövlətdir. Putin rejimi çox zəifləyib. Bu ölkənin qiyamın qarşısını alamq üçün nə güclü bir ordusu var, nə də cəmiyyət Putini müdafiə etmək əzmində deyil. Putin özü də qərarsız və qətiyyətsiz, qərar qəbul eləməyə çətinlik çəkən bir şəxsə çevrilib. Ona görə də Priqojinin qiyamı faktiki olaraq Putin rejimini ifşa etdi və onun süqutunu sürətləndirdi. Bundan sonra Rusiyadan hər şey gözləmək olar. Ən ciddi siyasi hadisələri də gözləmək olar. Prinsip etibarı ilə orada bir saray çevrilişi də mümkündür. Priqojinin özünün, yaxud o tipli başqa bir qüvvənin qiyam cəhdi də mümkündür. Bir çox səbəbdən qeyri-adi hadisələr baş verə bilər. Hazırda o hadisələrin baş verməsi ehtimalı daha böyükdür, nəinki baş verməməsi.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Rusiya-Ukrayna müharibəsinin sonunu necə görürsünüz? Sizcə müharibənin yekunu postsovet məkanında, o cümlədən Cənubi Qafqazda hansı yeniliklərə səbəb olacaq?
İsa Qəmbər: Əslinə qalsa müharibə bir günün də içərisində bitə bilər. Xüsusilə dediyim o fors-major hadisələri baş verərsə yəni qiyam, saray çevrilişi, hətta ən neqativ bir qüvvə də hakimiyyətə gəlsə, Putinin bu cinayətkar savaşından sağ-salamat qurtarmaq üçün mühribəni dayandıra bilərlər. Ancaq belə bir hadisə baş verməyəcəksə müharibənin sonunu mən daha çox Ukraynanın hərbi uğurlarının nəticəsində Putin rejiminin güzəştə getməsi və təxminən Ukraynanın şərtlərinə yaxın bir danışıq masası arxasında müharibənin bitməsi ehtimalını mümkün hesab edirəm. Hətta Rusiyanın müttəfiqi olan və himayə edən Çinin belə sülh danışıqlarında təklifləri ondan ibarətdir ki, Rusiya bütün işğal etdiyi ərazilərindən çıxsın və sadəcə Krımla bağlı danışıq prosesi başlasın. Əgər Rusiyaya ən yaxın bir dövlət belə bir təklif verirsə, digər təkliflər təbii ki, daha sərtdir. Ona görə də mən bu müharibənin sonsuza qədər uzanacağını düşünmürəm. Hesab edirəm ki, ən yaxın zamanlarda Ukraynanın hərbi uğurları nəticəsində Putin danışıq masasında güzəştə getməyə məcbir ola bilər və həmin şəraitdə də müharibə yekunlaşa bilər. Müharibə yekunlaşsa və Putin rejiminin məğlubiyyəti dediyimiz şəkildə rəsmiləşsə Cənubi Qafqazda da ciddi dəyişkliklərin baş verməsi qaçılmazdır. İlk növbədə Rusiyanın Cənubi Qafqazdakı hərbi hissələri tərk etməli olacaqlar. Mən düşünürəm ki, nəhayətdə Ermənistanda Gümrüdəki hərbi bazasını da Rusiya tərk etməli ola bilər. Bütövlükdə Putin rejimini zəifləməsi, bu müharibədə Rusiyanın məğlubiyyəti Cənubi Qafqazda Rusiyanın təsirini sıfıra yaxınlaşdıra bilər. Nəticədə Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi sürətlənə bilər.
Amerikanın Səsi: Formalaşan yeni geopolitik durumda Azərbaycanın yerini necə görürsünüz?
İsa Qəmbər: Bilirsiniz ki, biz müsavatçılar Azərbaycanın gələcəyini AvroAtlantik inteqrasiyada görürük. Yəni, Məhəmməd Əmin Rəsulzadə başda olmaqla bizim müsavatçı babalarımızın Avropaya yaxınlaşmaq şüarı bayrağımızda da həkk olunub. Bu baxımdan bilirsiniz ki, biz bu xəttin tərəfdarıyıq. Hesab edirəm ki, Azərbaycan bölgədə əmin-amanlığa qarşı ciddi təhdidlər yaradan Rusiya kimi, İran kimi rejimlərin qarşısında dayanan qüvvələrdən biridir. Mən hesab edirəm ki, Azərbaycanın bu mənada rolu böyük olacaq. Bir tərəfdən dünyanın bu təhlükələrə qarşı olan qüvvələri ilə birgə olmalıyıq. Digər tərəfdən də Azərbaycan Ermənistanla münasibətlərini normallaşdırmaqla nəhayət biz müsavatçıların “Qafqaz evi” nəzəriyyəsini gerçəkləşdirməyə yaxınlaşa bilər. Necə ki, Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə sıx əməkdaşlıq var. Azərbaycan Gürcüstanla birlikdə Türkiyə ilə də əməkdaşlıq edir. Mən inanıram ki, zaman gələcək Ermənistan da bunu qəbul eədəck. Azərbaycanla, Gürcüstanla birlikdə hərəkət etməyin zərurətini qəbul edəcək.
Amerikanın Səsi: Yeni dönəmdə Azərbaycan beynəlxalq və regional güc mərkəzlərilə münasibətləri necə qurmalıdır ki, öz milli mənafelərini maksimum təmin edə bilsin?
İsa Qəmbər: Bir qədər əvvəl dediyim kimi, Azərbaycan bütün qonşuları ilə normal münasibətlər tərəfdarıdır. Bu mənada Azərbaycanın Gürcüstanla münasibətləri digər qonşularımız üçün nümunə ola bilər. Digər tərəfdən isə biz Milli Strateji Düşüncə Mərkəzi olaraq hələ bir neçə il bundan əvvəl fikrimizi irəli sürmüşük ki, Azərbaycanın milli maraqlarının gerçəkləşdirilməsi naminə üç şərtə əməl edilməlidir. Birincisi, Azərbaycanda milli birlik əldə olunmalıdır. Bu milli birlik şüar deyil, konkret məsələlərdən keçir. Azərbaycanda haqq-ədalət bərqərar olunmalıdır. Azərbaycanda demokratik prinsiplər bərqərar olunmalıdır. İqtisadi və siyasi azadlıqlar mövcud olmalıdır. İnsan haqlarına sayğı göstərilməlidir. Şəffaf demokratik seçki keçirilməlidir. Milli birlik bunlardan keçir. İkinci bizim təklifimiz Azərbaycanın Türkiyə ilə əməkdaşlığının daha da inkişaf etdirilməsidir. Türkiyə bizə yaxın bir dövlət kimi, eyni zamanda Azərbaycanın Avropaya əsas çıxışı olan və NATO-nun üzvü olan bir dövlət kimi bizim üçün çox önəmli bir müttəfiqdir. Üçüncü istiqamət isə yenə də Azərbaycanın çağdaş dünya ilə bütövləşməsi xəttidir. Azərbaycan bir çox məsələlərin həllində ABŞ, Avropa ilə birlikdə hərəkət etməlidir. Bu həm bölgədə sülhə və əmin-amanlığa xidmət edər, həm də Azərbaycanın milli maraqlarına tam uyğun olar.