Accessibility links

Putin qiyamdan bir neçə gün sonra Vaqner lideri ilə görüşüb


Kreml bildirib ki, Rusiya prezidenti Vladimir Putin qısa iğtişaşlardan bir neçə gün sonra Vaqner Qrupunun rəhbəri Yevgeni Priqojin və bir neçə Vaqner komandiri ilə görüşüb.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, üç saat davam edən görüşdə Putin “24 iyun hadisələri”nə qiymət verib və baş verənlərlə bağlı komandirlərin açıqlamasını dinləyib.

Peskov deyib ki, komandirlər Rusiya üçün döyüşməyə davam edəcəklərinə söz veriblər. Vaqner Rusiyanın Ukraynaya hücumunda iştirak edib və Priqojin Vaqner qüvvələrinin Rusiyanın cənub hərbi komandanlığının qərargahına nəzarəti qısa müddətə ələ keçirdiyi qiyamdan əvvəl Rusiyanın hərbi rəhbərliyini tənqid edib.

Üsyan Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Priqojin və döyüşçülərinin Belarusa köçməsinə icazə verən razılaşma ilə başa çatıb. İğtişaş Rusiya prezidenti Vladimir Putinin hərbi rəhbərliyində dəyişiklik edəcəyi ilə bağlı fərziyyələrə səbəb olub.

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi ölkənin ən yüksək rütbəli generalı olan Baş Qərargah rəisi Valeri Gerasimovun qiyamdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışını əks etdirən video paylaşıb.

Videoda Gerasimovun məruzə alması və Rusiyanın aerokosmik qüvvələrinə və hərbi kəşfiyyat xidmətinə göstəriş verdiyi göstərilir.

Gerasimov müdafiə naziri Sergey Şoyqu ilə yanaşı Priqojinin əsas tənqid hədəflərindən biri olub. Gerasimovun müavini, Priqojinlə uzun müddət əlaqəsi olan general Sergey Surovikin hələ də ictimaiyyət qarşısına çıxmayıb.

Bu arada Ukraynanın cənubundakı rəsmilər bazar ertəsi bildiriblər ki, Rusiyanın humanitar yardım mərkəzini atəşə tutması nəticəsində azı 4 nəfər ölüb, 11 nəfər yaralanıb. Hücum Zaporijjye vilayətinin Orixiv şəhərində baş verib.

Regional qubernator Yuri Malaşko Telegram-da bildirib ki, Rusiya qüvvələri yaşayış məhəlləsindəki ərazini vurmaq üçün idarə olunan bombadan istifadə edib və həlak olanların dördü də hadisə yerində ölüb.

Rusiya 2022-ci ilin fevralında başlayan müdaxilədən bəri çoxsaylı mülki obyektlərə zərbələr endirməkdə ittiham olunur. Rəsmi Moskva isə mülki obyektləri hədəf aldığını inkar edir.

XS
SM
MD
LG