Tehran vilayətinin İnqilab Məhkəməsinin 15-ci şöbəsi Tehranın Evin həbsxanasında saxlanılan milli fəal Mahmud Ocaqlıya 16 il həbs cəzası verib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, Mahmud Ocaqlı “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il müddətinə, “sistemə qarşı təbliğat fəaliyyəti aparmaq" ittihamı ilə 1 il həbsə, "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə müxalifət qruplarından birinə üzv olmaq” və "müharibə və iğtişaşları qızışdırmaq məqsədi ilə ictimai rəyi təşviq etmək" ittihamları ilə suçlanaraq hər birindən 5 il həbsə və beləliklə ümumilikdə 16 il həbs cəzasına məhkum edilib.
Məhkəmənin hökmündə milli fəalın hansı qruplaşmaya üzv olduğu qeyd edilməyib.
Bu xəbər agentliyi İranın cinayət qanunlarının 134-cü maddəsinə istinad edərək yazıb ki, ona qarşı ən ağır cəza yəni 5 il həbs cəzası tətbiq oluna bilər.
Tehranda yaşayan bu azərbaycanlı fəala 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub və hər hansı kütləvi informasiya vasitəsində və sosial media platformalarında fəaliyyəti qadağan edilib. Tehran İnqilab Məhkəməsinin hökmünə əsasən, Ocaqlı Azərbaycanın tarixi, dili və mədəniyyəti ilə bağlı İslam Respublikası tərəfindən təsdiq edilmiş bəzi kitabların xülasəsini yazmağa da məhkum edilib.
SEE ALSO: Türk dil haqları müdafiəçisi Mahmud Ocaqlı yeni ittihamlarla üzləşibMahmud Ocaqlı ötən il dekabrın 11-də Tehrandakı iş yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılandan sonra aprel ayında keçirilən məhkəmə iclasında yeni ittihamlarla üzləşmişdi.
Təqribən 7 aydır Tehranın Evin həbsxanasında saxlanılan milli fəalın müvvəqəti azadlığa buraxılması üçün məhkəmənin onun haqqında qərar çıxardığını, ailəsinin isə mülki zəmanəti məhkəməyə təqdim etdiyini, ancaq məhkəmə rəsmilərinin onun müvəqqəti sərbəst buraxılmasına icazə vermədiyi bildirilir.