Antoni Blinken: Birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yoldur

ARMENIA-AZERBAIJAN/USA

"Azərbaycanla sülhün təmin edilməsi istiqamətində davam edən səylərə güclü dəstəyimi bir daha bəyan etmək üçün dünən Ermənistan Baş naziri Nikol Paşinyanla telefonla danışdım. Birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yoldur və mən bunu asanlaşdırmağa kömək etməyə sadiqəm."

Bu barədə ABŞ dövlət katibi Antoni Blinken Twitter səhifəsində bildirib.

ABŞ-da Azərbaycan və Ermənistan arasında danışıqların birinci raundu mayın 1-dən 4-dək keçirilib. 27-29 iyunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danşıqların ikinci raundu olub. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

ABŞ Dövlət katibi Antoni Blinken danışıqların yekunu ilə bağlı deyib ki, “ümumi razılığa gəlmək məqsədilə müxtəlif məsələlər üzrə əlavə razılıqlar və bu görüşlər vasitəsilə əldə etdiyimiz momentumdan istifadə etmək üçün” bu prosesi növbəti həftələr və aylarda davam etdirməyi səbirsizliklə gözləyir.

“Düşünürəm ki, hər kəs yaxşı bilir ki, bəzi hallarda razılığa nə qədər çox yaxınlaşsanız, bu, bir o qədər çətinləşir, çünki adətən ən çətin məsələlər sona qalır,” dövlət katibi Blinken qeyd edib.