İsrailin müdafiə naziri Yoav Qallant Azərbaycana rəsmi səfərə gəlir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, səfər müdafiə naziri Zakir Həsənovun dəvəti ilə baş tutacaq.
Yoav Qallantın İsrailin müdafiə naziri qismində ölkəyə ilk səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.
İsrail mətbuatı məlumat yayıb ki, səfərin məqsədi Azərbaycanla siyasi əməkdaşlığı möhkəmləndirmək, iki ölkə arasında təhlükəsizlik və texnologiyalar sahəsində əlaqələri genişləndirməkdir.
Azərbaycanın İranla əlaqələrin gərginləşməsi fonunda İsrail və Azərbaycan arasında münasibətlər yeni müstəviyə qədəm qoyub.
İki ölkə arasında əsas prioritet hərbi-texniki, hərbi sənaye sahəsində əməkdaşlıq olsa da, digər sahələri də əhatə edir. O cümlədən terrorizmlə mübarizədə İsrail Azərbaycana dəstək olacağını qeyd edib.
Bu ilin mart ayında Azərbaycan İsraildə səfirliyini açıb. İsrailin prezidenti və xarici işlər nazirli mayda Azərbaycana rəsmi səfər edib.
İran rəsmisi Azərbaycan-İran münasibətlərinin gərgin olmasında İsraili günahlandırıb.
O, İsrail prezidentini İranla Azərbaycan arasında münasibətləri pozmaq cəhdində ittiham edib.
Siyasi tədqiqatçı Fuad Şahbazov Amerikanın Səsinə müsahibəsində bildirib ki, müharibədən sonra İsrail ilə əməkdaşlıq hərbi sahədən bir az da kənara çıxaraq digər sahələrə də nüfuz etməyə başlayıb.
“Düşünürəm ki, yaxın zamanlarda biz digər sahələrdə də İsrailin nüfuzunun artdığını görəcəyik” o bildirib.
Bazar ertəsi Azərbaycan təhlükəsizlik qüvvələri 23 yaşlı Əfqanıstan vətəndaşını xarici ölkənin səfirliyinə hücum planlaşdırmaqda şübhəli bilərək həbs ediblər. İsrail qəzetləri hədəfin İsrail səfirliyi olduğunu yazır.
İsrail rəsmiləri otən illərdə İrannın dəfələrlə İsrailin xaricdəki missiyalarını hədəf almaq cəhdində günahlandırıb.