İyulun 7-də Moskvada Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 21-ci iclası keçirilib.
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak ediblər.
Azərbaycan tərəfinin məlumatında deyilir ki, Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi münasibətlər çox müsbət tendensiyaya malikdir.
"2022-ci ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 24 % artaraq 3,7 milyard ABŞ dollarını keçib. Tərəflər həmçinin sənaye əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıblar. Bildirilib ki, hər iki tərəf nəqliyyat və logistika əlaqələrinin inkişafına xüsusi önəm verir. Azərbaycan və Rusiya arasında yükdaşımaların həcmində müsbət artım dinamikası təmin edilib və bu, 2022-ci ildə 36 %-dən çox təşkil edib. Tərəflər inkişafı üçün birgə səylərin göstərildiyi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin layihəsini prioritet hesab ediblər”, məlumatda qeyd edilir.
Rusiya hökumətinin saytında dərc edilmiş məlumatda isə deyilir ki, tərəflər iqtisadi-ticarət, sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, maliyyə, səhiyyə, mədəniyyət, elm, regionlararası əməkdaşlıq, təhsil və turizm sahələrində ikitərəfli əməkdaşlığın illik nəticələrini açıqlayıblar. Regionlararası əməkdaşlığın möhkəmləndirildiyi qeyd edilib.
Rusiyanın 70-dən çox subyekti Azərbaycanla ticarət-iqtisadi əlaqələri dəstəkləyir. Rusiyanın 12 regionu Azərbaycan Respublikası hökumətilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişlər imzalayıb.
"Rusiya-Azərbaycan əməkdaşlığının uğurlu istiqaməti sənaye əməkdaşlığıdır.
İclas zamanı nəqliyyat-logistika sahəsində qarşılıqlı fəaliyyət nəzərdən keçirilib. Beynəlxalq buraxılış məntəqələrinin işinin təşkilində irəliləyiş qeyd olunub", məlumatda deyilir.
Rusiya və Azərbaycan gömrük xidmətləri arasında gömrük əməliyyatlarının sürətləndirilməsinə yönəlmiş konstruktiv qarşılıqlı əlaqə qurulub.
Tərəflər Rusiya-Azərbaycan mədəni-humanitar münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd ediblər.
"Ali təhsil və gənclər siyasəti sahəsində ikitərəfli əməkdaşlıq inkişaf edir. 2023-cü ilin fevralında Rusiya tərəfi Bakıda ilk Rusiya-Azərbaycan Elm-Təhsil Forumunun keçirilməsi təşəbbüsü ilə çıxış edib", Məlumatda qeyd edilir.
İclasın yekunlarına əsasən hökumətlərarası komissiyanın 21-ci iclasının yekun protokolu imzalanıb.
"Tərəflər əməkdaşlığın bütün istiqamətləri üzrə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə yönələn konstruktiv dialoqun davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər", məlumatda vurğulanır.