Türkiyə xarici işlər naziri Azərbaycana səfər edəcək

Turkish President Tayyip Erdogan takes oath after his election win at the parliament in Ankara

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfər edəcəyi bildirilir.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə gəlir.

Hakan Fidanın iyulun 5-6 tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv dövlətlərin XİN rəhbərlərinin iclasında iştirak edəcəyi bildirilir.

Türkiyənin xarici işlər nazirinin iclas çərçivəsində Fələstin Nazirlər Komitəsi iclasına, eyni zamanda, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbirə qatılacağı deyilir.

Hakan Fidanın həmkarları ilə ikitərəfli təmaslarının keçiriləcəyi qeyd olunub.

Bundan əvvəl yeni nazir iyunun 13-də Azərbaycana dövlət səfərinə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı müşaiyət edən hökümət üzvləri arasında olub.

Dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına 2019-cu ildən başlayaraq Azərbaycan sədrlik edir.

İki gün Bakıda keçiriləcək iclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.