İranın xarici işlər nazirinin müavini Azərbaycana gəlib

İran bayrağı

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Rza Nəcəfi Bakıya səfər edib.

Bu barədə İranın rəsmi dövlət agentliyi (IRNA Agentliyi) məlumat verib.

Məlumata görə Nəcəfi yüksək səviyyəli ekspertlər səviyyəsində Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin konfransında iştirak edəcək.

O həmçinin Bakıda hərəkata daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşünə qatılacaq.

İranın digər xəbər agentlikləri isə Bakıda keçiriləcək nazirlər konfransında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın da iştirakının gözlənildiyini yazır.

Rəsmi Bakı isə bu barədə hələlik heç bir məlumat verməyib.

Dünyanın 120 ölkəsini birləşdirən Qoşulmama Hərəkatına 2019-cu ildən başlayaraq Azərbaycan sədrlik edir.

İkinci Qarabağ müharibəsindən sonra (sentyabr-noyabr 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.

Bu ilin martında Almaniyadan İrana səyahət edən Azərbaycan vətəndaşı Fərid Səfərli bu ölkədə casusluq ittihamı ilə həbs edilib.