Accessibility links

İran iqtisadiyyatını gücləndirmək, təcridini azaltmaq üçün Şanxay Alyansına qoşulur


İran iqtisadiyyatını düzəltmək və təcridi azaltmaq üçün bu il diplomatiyanı artırıb. Ölkə prezidenti və xarici işlər naziri Latın Amerikaına səfər edib, ölkə keçmiş düşməni Səudiyyə Ərəbistanını qəbul edib və ABŞ-la nüvə proqramı ilə bağlı dolayı danışıqlarda iştirak edib.

İranın səyləri isə nəticə verib: Bu həftəsonu İran rəsmi olaraq Şanxay Əməkdaşlıq Təşkilatına qoşulur.

“İyulun 4-də dövlət başçılarının görüşündə İranın tam üzvlüyü təsdiqlənəcək,” Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü Moskvada Şanxay Əməkdaşlıq Təşkilatı mərkəzinin açılışında deyib.

“İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü İran sisteminin xeyrinədir, belə ki, ona beynəlxalq müstəvidə nüfuzunu artırmaq üçün daha bir diplomatik platforma verir,” Nüvə Silahı İrana Qarşı Birlik təşkilatının siyasət direktoru Ceyson Brodski bildirib.

“Bu həmçinin İran ali liderinin şərqə yönəlmək, diqqətini Rusiya və Çinlə əməkdaşlıqların dərinləşdirilməsinə yetirmək çərçivəsində uyğundur,” o deyib.

“İran bu təşkilatların imkanlarından istifadə edərək, öz təhlükəsizlik və iqtisadi maraqlarını irəlilətməyə çalışır,” deyən Corc Vaşinqton Universitetinin beynəlxalq münasibətlər müəllimi Məhəmməd Qaedi Çin kimi yeni güclərin və dolayısı ilə onların maraqlarını təmsil edən təşkilatların meydana çıxdığını vurğulayır.

Qaedi Amerikanın Səsinin fars xidmətinə deyib ki, İslam Respublikası Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaqla ABŞ sanksiyalarının təsirini azaltmağı, Qərbi regional güclərlə əvəzləməyi və Şanxay İttifaqına qoşulmaq istəyən Türkiyə və Səudiyyə Ərəbistanına qarşı bazarlıq gücünü artırmağı ümid edir.

Pekin və moskvanın Tehran və Ər-Riyadı Şanxay Əməkdaşlıq Təşkilatına qəbul etmək istəyib-istəməmələri ilə bağlı isə Qaedi deyib ki, ittifaq demoqrafiya, coğrafiya və xüsusilə də enerji baxımından güclənəcək.

Qaedi deyib ki, həm İran həm də Səudiyyə Ərəbistanının ittifaqa qoşulması halında Çin və Rusiyanın ABŞ və Avropaya qarşı gücünün artmasından əlavə, bu, həm də iki Yaxın Şərq rəqibi arasında “mübahisələrin dinc yolla həllinə platforma” yaradacaq.

Brodskinin dediyinə görə, “Rusiya və Çin ABŞ-ın dünya boyu müttəfiq və tərəfdaşlar şəbəkəsində çatlar yaratmağa cəhd etmək üçün İran və Səudiyyə Ərəbistanının Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmasına razı olacaqlar.”

O əlavə edib ki, “İran anti-Qərb blokunu gücləndirir və Ər-Riyadı Şanxay Əməkdaşlıq Təşkilatına daxil etmək Vaşinqtonun mövqeyini və Səudiyyə Ərəbistanı üzərində təsirini azaltmaq cəhdi ola bilər.”

2001-ci ildə təsil edilən Şanxay Əməkdaşlıq Təşkilatı Çin, Rusiya, Hindistan və Pakistan daxil olmaqla, səkkiz üzvdən ibarət siyasi, iqtisadi və müdafiə təşkilatıdır. İran hazırda bu Avrasiya alyansında müşahidəçi statusuna malikdir.

İranın növbəti hədəfi Qərb ölkələrini istisna edən bir digər qrupa, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın üzv olduğu BRİKS qrupuna daxil olmaqdır.

XS
SM
MD
LG