Fransa səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb, Emanuel Makronun çıxışına etiraz bildirilib

Azərbaycan Xarici İşlər Nazirliyi

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və o ölkənin prezidentinin çıxışına etiraz bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, görüşdə Fransa Prezidenti Emanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə "Azərbaycan əleyhinə səsləndirilmiş, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirlər ilə bağlı Fransa tərəfinə etiraz edilib və məsələyə dair Fransa tərəfindən izahat istənilib".

"Səfirə bildirilib ki, dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan Makronun yenidən qərəzli fikirlər səsləndirilməsi, Fransa prezidentinin Fransanın erməni lobbisinin əlində bir alət olduğunun və müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyinin bariz nümunəsidir. Vurğulanıb ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda Emanuel Makrona istinadən yayılmış bu kimi qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətini daha da genişləndirməsinə rəvac verir", məlumatda qeyd edilir.

Ermənistan mediasının iyunun 28-də Daşnaksütyun Erməni İnqilab Federasiyasının saytına istinadən yaydığı məlumata görə, Fransa Prezidenti Emmanuel Makron Marselə üç günlük səfəri çərçivəsində nüfuzlu erməni dairələri ilə görüşüb.

"Marselin erməni icması ilə görüşdə deputat Sabrina Akresti-Rubaş da iştirak edib və o, prezidentə müraciət edərək bildirib ki, "Artsaxın (Qarabağ-red) blokadası və azərbaycanlıların hücumu şəraitində ondan yalnız mənəvi deyil, daha praktik təsirli təşəbbüslər gözləyirlər. Makron cavab verib ki, Əliyevə təzyiq edir. Mən Əliyevə Paşinyanın özündən daha çox təzyiq etdim. Sual Paşinyanadır. Artsax məsələsi ilə bağlı dəqiq mövqeyə malik olan yeganə şəxs mənəm", o qeyd edib.

Makron, həmçinin bəyan edib ki, onlar onun Artsax və Ermənistan məsələsində qətiyyətinə şübhə etməməlidirlər.

"Beynəlxalq ailədə bu gündəliyə malik olan yeganə şəxs olsam belə, əlimdən gələni etməyə davam edəcəyəm", Fransa Prezidenti deyib.